I Liqanın 4-cü turunda “Zaqatala” doğma divarlar arasında “Baku Sportinq”i qəbul etdi - 1:1Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədov oyunla bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Ötən turda səfərdə MOİK üzərində qələbədən sonra doğma publika qarşısında da qələbə qazanmaq istəyirdik. Matça pis başlamadıq və ilk yarıda qol vurduq, fasiləyə kimi də dominant futbol sərgilədik. İkinci hissədə müəyyən qədər yorğunluq sözünü dedi və rəqibdən bundan istifadə edərək təzyiqlər etdi. Qonaqların qol vurmaq üçün 2-3 fürsəti olsa da, qapımıza heç nədən, bəxtsizlikdən qol yedik. Belə ki, topu uzaqlaşdırmaq istəyərkən top rəqib futbolçuya dəyərək rikoşet olaraq torumuza daxil oldu. Düzdür, məğlub da olmadıq, amma qələbəni də əldən verdik. Qarşıdakı turlarda çalışacağıq ki, səhvlərimizi minimuma endirək”. Mütəxəssis iki turdur qol vuran iranlı oyunçularından və yeni konqolu futbolçunun transferindən də söz açdı:
“Sevindirici haldır. İranlı futbolçumuz Mətin Qəhramani iki oyundur fərqlənir. Müdafiəçi olmasına rəğmən, standart vəziyyətlərdə son nöqtəni qoyur. Ümid edirik ki, futbolçumuz qarşıdakı matçlarda da yaxşı çıxış edərək bizə fayda verəcək. Son transferimiz konqolu Kabamba Mardok stoperdir. O, ötən turda debüt etsə də, pis təsir bağışlamadı. Buna rəğmən, hələ komandaya, çempionatımıza tam uyğunlaşmayıb. İstədiyimiz formada deyil. Amma turdan-tura daha yaxşı olacaq”.MİRZƏ S.
Sport1.az