Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni basketbolçu ilə gücləndirir.
Sport1.az Eurohoops portalına istinadən xəbər verir ki, Azərbaycan millisinin basketbolçusu Donta Hall yunan təmsilçisi ilə üç illik müqavilə imzalayacaq.
Bu transferin əsas səbəbi komandanın aparıcı oyunçularından olan Mustafa Fallın uzun müddətə sıradan çıxması, həmçinin Filip Petrusevlə bağlı qeyri-müəyyənliyin davam etməsidir. “Olimpiakos” rəhbərliyi pivot mövqeyini möhkəmləndirmək üçün Hall-ı heyətə cəlb etməyə qərar verib.
Məlumata görə, Donta Hall yaxın günlərdə rəsmi olaraq təqdim ediləcək. Bu transferdən “Baskonia” klubu təxminən 600 min avro əldə edəcək. Basketbolçunun ümumi qazancı 2.1 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 27 yaşlı təcrübəli mərkəz oyunçusu ötən mövsüm “Baskonia” formasında EuroLeaguedə 8.7 xal, 5.4 ribaund və 1.1 blok ortalaması ilə çıxış edib.
Sport1.az