Misli Premyer Liqasında V turunda “Araz Naxçıvan” “Qarabağ”ı qəbul etdi.
Qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatdı.
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov oyundan sonra
Sport1.az-a müsahibə verdi...
- Darmadağınla qalib gəldiniz. Oyun haqda nə deyə bilərsiniz?- “Araz-Naxçıvan” çox döyüşkən və aqressiv komandadır. Lakin oyuna yaxşı hazırlaşmışdıq və bunun da nəticəsi olaraq qələbə qazandıq.
-
Karyerandakı ilk het-trikini etdin. Hansı hissləri keçirirsən?- Duyğularımı sözlə ifadə etmək çətindir. Çox sevincli haldır. Düşünürəm ki, bir futbolçunun unuda bilməyəcəyi andır. Ümid edirəm ki, davamı da gələcək.
- “Benfika” üzərində qələbə "Araz-Naxçıvan"la oyuna təsir etdi?- Bəli! "Benfika" üzərində çox böyük və tarixi qələbə qazandıq. Komanda ruh və əhval yüksək səviyyədədir. Oyunçularımız motivasiya ilə matça çıxmışdılar.
- Lissabonda qazanılan tarixi qələbədən sonra azarkeşlər "Kopenhagen"i udmağınızı da istəyirlər. Bu gözləntinin fərqindəsiniz?- Heç vaxt meydana məğlub olmaq üçün çıxmırıq. Həmişə məqsədimiz yaxşı oyun göstərib, layiqli qələbə qazanmaq olub. Həmin oyuna da yaxşı hazırlaşacağıq. "Kopenhagen"lə matçda azarkeşlərin gözləntilərini doğrultmağa çalışacağıq".
-
"Araz-Naxçıvan"la matçda qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu düşünürsən?- Meydanda baş verənlərə fikir vermirik. Yalnız üzərimizə düşən vəzifəni icra etməyə çalışırıq.
MİKAYIL HACIYEV
Sport1.az