Hakimlər Komitəsi işinə başdansovdu yanaşır, cəzasını "Neftçi" çəkir - VİDEO
Şərh verə bilmədiyim epizodlar olanda köhnə hakim dostlarıma zəng edirəm.
"Zirə" - "Neftçi" oyunundan sonra da belə etdim. Sabiq FİFA referisidir. Dediklərini sizə təqdim edirəm:
"Ay İlkin, hamı gördü ki, orada penalti yoxdur. VAR-da Elvinin Ceyhunun ayağını tapdalağı yerdəki şəkili qoyaraq epizodu dəyərləndirirlər. Sən canı, məni danışdırma!"
Baxın, futbolun inkişafı akademiyaların olması, stadionların tikilməsi ilə bitmir. Sənin çempionatın güclü olmadır. Rəqabət olmalıdır. Lakin hazırda hakimlər çempionatda intiriqanın ölməsi üçün çalışırlar. Bu, iddia deyil. Faktdır!
"Zirə" - "Neftçi" matçı Premyer Liqada son illərdə izlədiyim ən maraqlı qarşılaşmalardan idi. Lakin hakimlər gül kimi oyunu məhv etdilər.
"Neftçi"nin qapısına təyin olunan penalti yanlış qərar idi. Təsəvvür edin ki, oyunun ən vacib anında VAR-da problem çıxır. Hətta Kamal Umudlu Rəşad Əhmədovla danışanda deyir ki, bu şəkildən nə başa düşüm? Çempionata baxın da! İcazə verin, vacib oyunda VAR-da problem olmasının səbəbini soruşum. Ya da burada ədalətin olmadığından şübhələnim!
Ədalət?! "Neftçi" qol vurandan sonra referi oyunu dayandırır. "Zirə"nin hücumu zamanı topun xəttdən keçib-keçmədiyi ən xırda detalına kimi araşdırılır. Amma penalti epizodunda ancaq eyni kadrlar göstərilir. Niyə? Axı görüntüləri diqqətlə izlədikdə görürük ki, Ayron Qomis Alessio Kurçiyə qarşı qaydanı pozur. VAR-da bu anlar Kamal Umudluya göstərilmədi. Niyə? Axı "CBC Sport"un yayımında görsənir ki, Samir Abasov 4-cü hakimə deyir ki, o epizoda baxın! Amma...
Ümumiyyətlə, normal çempionatlarda görürük ki, turun vacib oyunlarında hakimlər briqadası ən yaxşılardan təşkil olunur. Elvin Bayramovun "Zirə" - "Neftçi" matçında nə işi var? Hansısa vacib qərarda Kamal Umudlu və ya Rəşad Əhmədov onu niyə ciddiyə alsınlar ki? Məsələn, "Karvan-Yevlax" - "Sabah" matçında VAR-da oturan İnqilab Məmmədov derbidə 4-cü ola bilməzdi?
Vallah belə idarəçilik olmaz! Bu qərarlar qərəz deyil. Sadəcə Hakimlər Komitəsinin işinə başdansovdu yanaşmasıdır. Bunun da cəzasını "Neftçi" çəkir!