Azərbaycan milli komandasının İslandiyaya 5:0 hesabı ilə məğlub olması təbii ki, hər bir futbolsevərdə məyusluq yaratdı. Amma gəlin səmimi olaq, bu nəticə gözlənilməz deyildi.
Əslində, illərdir bu cür acı reallıqlara alışmışıq. Bu gün artıq “baş məşqçi günahkardırmı?” sualından daha çox “futbolu kim idarə edir?” sualını verməyin vaxtıdır.
Baş məşqçi günahkardır, amma...
Bəli, hər bir məğlubiyyətin birbaşa məsuliyyəti məşqçinin üzərinə düşür. Amma bu, sadəcə işin bir tərəfidir. Azərbaycan futbolunda problem nə qədər baş məşqçilər dəyişsə də həll olunmur. Çünki məsələ fərdlərdə deyil, sistemdədir. Son illər müxtəlif millətlərdən olan baş məşqçilər gətirilib, amma nəticə eynidir. Bu isə göstərir ki, əsas problem taktiki yanaşmadan və ya kadr seçimindən daha dərindədir.
Qonşular nümunədir
Bir anlıq diqqəti Qazaxıstan, Özbəkistan və Gürcüstana yönəldək. Hər üç ölkənin futbolunda son illər ciddi irəliləyişlər müşahidə olunur. Qazaxıstan Avropa liqalarında uğur qazanır, Özbəkistanın gənclər komandaları dünya çempionatlarında parlayır, Gürcüstan isə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır. Bu uğurlar təsadüfi deyil hamısı uzunmüddətli planların, düzgün idarəetmənin və real futbol strategiyasının nəticəsidir.
Bizdə isə vəziyyət tam fərqlidir. Federasiya futbolu inkişaf etdirməklə yox, daha çox idarəçilik strukturlarını qorumaqla məşğuldur. Futbolun içindən gələn peşəkarlar deyil, başqa sahələrdən gələn məmurlar proseslərə rəhbərlik edir. Nəticədə isə meydanda gördüyümüz mənzərə ard-arda məğlubiyyətlər, gənclərin inkişafsızlığı və futbolun ümumilikdə tənəzzülü.
Federasiya və SOCAR sindromu
AFFA illərdir sanki SOCAR-ın bir bölməsi kimi idarə olunur. Əsas diqqət futbolun inkişafına yox, büdcələrin idarəsinə, vəzifələrin bölgüsünə yönəlib. Bu yanaşma dəyişmədikcə, futbolumuzdan ciddi nəticə gözləmək sadəlövhlük olar. Çünki futbol yalnız pul və inzibati qərarlarla inkişaf etmir. Futbol, ilk növbədə, konsepsiya, planlı iş tələb edir.
Premyer Liqada çıxış edən klublardan altısının stadionu yoxdursa, Santuş kirvədən niyə inciyirsiniz? Portuqaliyalının əməyi o oldu ki, İslandiyaya 7:0 yox, 5:0 uduzduq.
TAHİR TAHİROVİÇ
Sport1.az