Misli Premyer Liqasının 4-cü turunda “İmişli” “Sumqayıt” ilə qarşılaşıb.Sport1.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin “İmişli”yə matçın 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevi meydana saldığına görə texniki məğlubiyyət verilib və ümumilikdə 8700 manat məbləğində cərimə yazılıb.
Görəsən, “İmişli” bu qərardan razıdırmı? Klub apellyasiya şikayəti verəcəkmi?
Suallarımızı "İmişli"nin mətbuat katibi Leyla Behbudluya yönləndirdik. Klubun rəsmisi məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bəli AFFA İntizam Komitəsinin qərarlarını ağır hesab edirik və bununla bağlı Apellyasiya Arbitraj Tribunalına rəsmi olaraq şikayəti edəcəyik. Hazırda klubumuzun hüquqşünası bu məsələ ilə məşğul olur”.Premyer Liqa təmsilçisi bu şikayət haqda sosial şəbəkə hesablarında da paylaşım edib:
“13 sentyabr 2025-ci il tarixində keçirilmiş Misli Premyer Liqasının IV turu çərçivəsində baş tutmuş “İmişli” – “Sumqayıt” qarşılaşması ilə bağlı AFFA-nın İntizam Komitəsinin 18 sentyabr 2025-ci il tarixli iclasında bir sıra qərarlar qəbul olunub.
“İmişli” Peşəkar Futbol Klubu olaraq AFFA İntizam Komitəsinin qərarlarından Apellyasiya Arbitraj Tribunalına rəsmi apellyasiya şikayəti təqdim edəcəyimizi ictimaiyyətin diqqətinə çatdırırıq.
Qeyd etmək istərdik ki, futbolda bu kimi halların baş verməsi mümkündür və hər bir klubun belə hallarda hüququndan istifadə edərək rəsmi apellyasiya mexanizmlərinə müraciət etməsi təbii və normal prosesin bir hissəsidir.
Hazırda məsələ ilə bağlı klubumuzun hüquqşünası tərəfindən müvafiq hüquqi araşdırma aparılır. Bu səbəbdən, detallara dair hər hansı açıqlamanın verilməsi indiki mərhələdə məqsədəuyğun hesab edilmir.
Təbii ki, prosesin gedişatı və nəticələri ilə bağlı həm ictimaiyyəti, həm də dəyərli azarkeşlərimizi mütəmadi olaraq məlumatlandıracağıq”.
MİKAYIL HACIYEV
Sport1.az