İtaliyanın məşhur "Gazzetta dello Sport" nəşri "Milan"ın futbolçusu Kristian Pulişiçi tərifləyərək göylərə qaldırıb.Sport1.az xəbər verir ki, həmkarlarımız amerikalı oyunçunun çıxışından razıdırlar:
"Son 18 ay ərzində istər "Milan"da, istərsə də başqa yerdə Kristian Pulişiç qədər parlaq çıxış edən futbolçu çox azdır. Daha təsir edici olan isə onun bu performansı komanda üçün çətin dövrdə sərgiləməsidir.
Həmişə tunelin sonunda işıq olması barədə ifadə var, lakin Pulişiç bu düşüncəni alt-üst edir – o, tunelin içindəki işıqdır. Ətrafında isə bəzi istisnalar olmaqla, onun səviyyəsinə çata bilməyən oyunçular var. Buna baxmayaraq, onun təsiri heç vaxt zəifləməyib. Əksinə, amerikalı futbolçu getdikcə daha vacib fiqura çevrilib, lazım olanda məsuliyyəti üzərinə götürüb, lakin eyni zamanda başqalarının da parlamasına imkan verib. Bu, onun oyun üslubunun əsl tərifidir.
Amerikalı az danışır, amma çox qol vurur. Çünki onun üçün sözlərdən daha önəmli olan hərəkətlərdir. Ulduz oyunçulardan ibarət olmayan bir komandada o, özünü ulduza çevirib, komanda üçün vacib və sabit statistik göstəricilərə imza atıb.
Digərləri danışdığı anlarda belə, o, öz prinsiplərinə sadiq qalaraq sadəcə oyununa fokuslanıb. Məsələn, bu mövsüm "Fiorentina"ya qarşı oyunda penalti vurmaq şansı iki dəfə əlindən alınsa da, səssiz şəkildə yoluna davam edib.
Yaxın gələcəkdə o, "Milan"la yeni müqavilə imzalayacaq. Bu, 18 ay əvvəl müqavilə imzalayan Pulişiçin daha "inkişaf etmiş" versiyası olacaq. Klub üçün böyük bir rahatlıq gətirəcək, eləcə də bütün mövsüm boyu tuneldəki parlaq işıqlanma davam edəcək".
Qeyd edək ki, Pulişiç bu mövsüm bütün turnirlərdə 14 qol vurub, 9 məhsuldar ötürməyə imza atıb.
Sport1.az