"Barselona"dan ayrıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Xavi Ernandes "France Football"a müsahibə verib.Sport1.az xəbər verir ki, mütəxəssis Kataloniya klubunundakı məşqçilik dövrünə nəzər salıb və bu təcrübədən hansı nəticələr çıxardığından danışıb. O, bu dövrü uğursuzluq kimi qiymətləndirmədiyini vurğulayıb:
"Nəticələrimizə baxsanız, görərsiniz ki, olduqca pozitiv idi. Məndən gözləntilər çox böyük idi, çünki "Barselona" ilə olan keçmişim hər kəsə məlumdur. Ola bilər ki, klubla olan dərin emosional bağım bəzi məqamlarda mənə zərər verdi. Bəzən həddindən artıq həssas davrandım, amma bu təcrübə mənim üçün əsl dərs oldu. Bəzi idarəetmə səhvlərinə yol verdiyimi etiraf edirəm. Busketsin gedişi oyun üslubumuzu yenidən düşünməyə məcbur etdi. Üç hücumameyilli yarımmüdafiəçi ilə oynamağı seçdim, amma bu həmişə ən yaxşı seçim olmadı".Bununla yanaşı, Xavi öz dövründə formalaşan gənc futbolçularla qürur duyduğunu bildirib:
"Titullardan başqa, ən çox qürur duyduğum məqam yeni nəslə güvənməyimdir – Fermin Lopez, Lamin Yamal, Pau Kubarsi və Aleksandro Balde... Onlar klubun gələcəyidirlər".Mütəxəssis müasir futbolda yüksək pressinqin əhəmiyyətindən də danışıb:
"Futbolçular indi tam atletə çevrilib və oyun daha sürətli olub. Üç saniyə ərzində topu ələ keçirməklə hücüm qurmaq olar. "Barselona"da biz rəqib üzərində üstün idik, ancaq yüsək pressinqdən az məşqçi istifadə edirdi. İndi isə hər kəs topu tez geri qazanmağa çalışır". Baxmayaraq ki, o, müasir futbola üstünlük verir, Xavi topa nəzarətin oyuna təsiri altında olduğunu etiraf edib:
"Mən topa sahib olan və onu itirdikdən sonra pressinq tətbiq edən komandaları izləməyi sevirəm. Qvardiolanın "Mançester Siti"si, Arne Slotun "Liverpul"u, Vinsent Kompaninin "Bavariya"sı, Xabi Alonsonun "Bayer"i, Mikel Artetanın "Arsenal"ı, Roberto De Zerbinin "Marsel"i, Luis Enrikenin PSJ-si xoşuma gəlir". Xavi gələcəkdə milli komanda çalışdırmaq istədiyinin də siqnalını verib:
"Bir məşqçi kimi Çempionlar Liqasını, Avropa Çempionatını, Dünya Çempionatını qazanmaq istəyirəm. Müxtəlif təkliflərə açığam. Niyə də milli komanda çalışdırmayım və Dünya Çempionatının seçmə mərhələsində iştirak etməyim?".
Sport1.az