Ötən həftə "Sabah"da yeni baş məşqçinin təyinatı reallaşdı. Masazır təmsilçisi litvalı Valdas Dombrauslasa tapşırıldı. Bəs keçmiş post sovet təmsilçisindən olan mütəxəssisin gəlişi komandaya nə dərəcədə faydalı olacaq? O, qısa zaman ərzində "bayquşlar"ı Avropa Liqasına hazırlaya biləcəkmi?
Sualları Aslan Kərimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Valdas Dombrauskasın "Sabah"a gəlişinin uğurlu olub-olmaması barədə dəqiq nəsə demək üçün gərək onun məşqçi işini yaxından izləyəsən. Amma əvvəlki iş yerlərində uğurlar, titullar qazanmış baş məşqçi kimi diqqət çəkib. Kifayət qədər təcrübəli mütəxəssisdir. Buna rəğmən, onun uğurlarının sirrini də dəqiq bilmirik. Dombrauskasın nəaliyyətlərinin
oyun üslubunamı, məşqçi strategiyasınamı, yoxsa yüksək kommunikasiya əsaslandığı hələlik bizim üçün qaranlıqdır. Onun işinə "Sabah"da bir neçə oyun keçirdikdən, hətta ilk dövrəni başa vurduqdan sonra qiymət vermək olar. Qarşıdakı avrokubok oyunlarına gəlincə, hazırkı vəziyyətlə litvalı mütəxəssisin qısa zamanda böyük dəyişikliklər edəcəyini və sensasiyalı nəticələr qazanacağını düşünmürəm. Onun 2-3 həftəsi var. Bu müddət ərzində həm transferlər həyata keçirilməli, həm komplektləşmə prosessi başa çatmalı, həm də baş məşqçi öz oyun fəlsəfəsini futbolçulara aşılamalıdır. İstənilən bir uğur çalışdırıcının bacarığından çox oyunçuların keyfiyyətinə bağlıdır".
MİRZƏ S.
Sport1.az