Misli Premyer Liqasında 24-cü turun oyunları davam etdir.Sport1.az xəbər verir ki, ikinci oyun günündə "Araz-Naxçıvan" "Səbail"lə qarşılaşacaq.
Qarşılaşmanın favoriti "qırmızı bəyazlar"dır. Naxçıvan təmsilçisi avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Elmar Baxşıyevin komandası autsayderlə görüşdə qalib gələrək gümüş medal qazanmaq şanslarını davam etdirməyi planlaşdırır.
"Səbail" də qələbə arzusundadır. Bakılılar sonuncu pillədən qurtulmaq üçün qalibiyyət əldə etməlidir. Cavid Hüseynovun komandası 3 xal qazanmaq üçün "Araz-Naxçıvan"ı büdrətməlidir.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 6 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə "Araz-Naxçıvan" 2 qələbə qazanıb. "Səbail" də eyni sayda qalibiyyət əldə edib. 2 oyunda da heç-heçə qeydə alınıb. Topların nisbətində də bərabərlik qeydə alınıb - 8:8.
"Səbail" bütün səfər matçlarında qol vurub. Son 2 oyunda isə "Araz-Naxçıvan" qələbə qazanır.
“Araz-Naxçıvan” – “Səbail”Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. “Liv Bona Dea Arena”. Saat 16:00.
Sport1.az