I Liqanın iddialılarından olan "Karvan"ın əsas hədəfi Premyer Liqaya yüksəlməkdir.Sport1.az xəbər verir ki, Yevlax təmsilçisi bazanın tikintisini yekunlaşdırmaq üzrədir. Klub rəhbərliyi yeni mövsümün başlanğıcına qədər stadiondakı çatışmazlıqları həll etmək, ot örtüyünü dəyişmək niyyətindədir. Bununla bağlı həm PFL-ə, həm də AFFA-ya təminat verilib.
"Karvan" Premyer Liqaya yüksələcəyi təqdirdə, maliyyə sıxıntısı da yaşamayacaq. "Ağ-qaralar"a həm icra hakimiyyəti, həm də yevlaxlı bir neçə iş adamı dəstək olacaq. Bundan əlavə, klub rəhbərliyi əsas baş sponsor axtarışına da başlayıb. Bir sözlə, "Karvan" indidən Premyer Liqa hazırlıqlarına başlayıb.
Yevlaxlılarla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Əsas çempionatda komandanı çalışdıracaq şəxsin adı da bəllidir. "Ağ-qaralar" Azər Məmmədovla razılıq əldə edib. Onunla 2026-cı ilə qədər müqavilə imzalanacaq. Gəncəli mütəxəssisin əsas köməkçisi Kənan Kərimov olacaq. Hüseyn Məhəmmədov da qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Sport1.az