
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" qarşılaşması ev sahibinin qələbəsi ilə başa çatdı - 2:1.
Sport1.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırdı.
- Çox vacib qələbə qazandınız. Görüş haqqında təəssüratlarınız?
- Son oyunda 1:5 hesabı ilə məğlub olduqdan sonra həm sistemi, həm də düşüncəmizi dəyişdik. Bilirdik ki, artıq onlara qarşı daha rahat oynaya bilərik. Ötən oyun ikili mübarizələri uduzurduq. Azarkeş dəstəyi yaxşı olduğu üçün istəyirdik ki, bu oyundan nəticə çıxaraq. Onlar möhtəşəm idilər. Sevinirik ki, alındı. Çox mübarizə aparır, çalışırdıq. Əks-hücumlara daha yaxşı çıxa bilərdik. Amma istənilən halda, axır ki qalib gəldik.
- İlk oyuna da bu taktika ilə çıxsaydınız, nəticə fərqli ola bilərdi?
- Bilmək olmaz. "Qarabağ"a qarşı 5 il müdafiə futbolu oynamışıq. Bu dəfə fərqli sistemdə oynamaq istədik. Bəlkə də ötən oyunda yaratdığımız imkanlar sayəsində erkən qollar vursaydıq, nəticə daha yaxşı ola bilərdi. Amma "Qarabağ"a qarşı açıq futbol oynamaq bir az çətindir. Ona hazır ola bilmədik. Amma yaxşı nəticə çıxardıq.
-5 ildən sonra "Qarabağ" üzərində qələbə sizdə hansı hisləri oyatdı?
- Qalib gəlməyi çox istəyirdik. Nə qədər önəmli qalibiyyət olsa da, 2020/21 mövsümündəki kimi bizə çempionluq gətirmədi. Yenə də o tilsimi qırdıq. Çünki çoxdandır qələbə qazana bilmirdik.
- Elə vəziyyət yaranıb ki, komandanın avrokubokkar şansı hazırda "Sabah"dan asılıdır...
- Bəli, belədir. Biz onların Azərbaycan Kubokunu qazanmalarını gözləyirik. Lakin çempionatın sonuna hələ 4 tur var. Onlardan asılı olmaq üçün son matçlarımızda qələbə əldə etməliyik.
MƏHƏMMƏD HÜSEYNOV