19:41 21.01.2026 331

“Qarabağ” Bundesliqada çıxış etsəydi, autsayder olmazdı” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın nüfuzlu “Kicker” jurnalına geniş müsahibə verib.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis sözügedən müsahibədə Almaniyada keçdiyi təcrübə proqramı, komandasının avrokuboklardakı yolu, “Ayntraxt Frankfurt”la qarşıdakı görüş və digər məqamlarla bağlı fikirlərini bölüşüb.


- Cənab Qurbanov, siz vaxtilə almaniyalı məşqçilərinin yanında təcrübə keçmisiniz. Alman futbol mədəniyyətindən nələri mənimsəmisiniz?   

- 2010-cu ilin avqustunda Avropa Liqasının pley-off oyunları zamanı biz "Borussiya Dortmund" ilə yaxşı münasibətlər qurmuşduq və bunun nəticəsi olaraq, bir qədər sonra orada Yürgen Kloppun yanında təcrübə keçmək imkanım oldu. Bir neçə gün ərzində onun məşq prosesini izləmək və məşqçilik işinin peşəkar tərəfləri haqqında onunla müzakirələr aparmaq mənim üçün əvəzolunmaz təcrübə idi. Fürsətdən istifadə edib "Kicker" jurnalı vasitəsilə ona salamlarımı çatdırır və peşəkar inkişafıma mühüm töhfə verən bu qeyri-adi şansı mənə yaratdığı üçün dərin minnətdarlığımı bildirirəm.   

  

- Alman futbolunun hansı aspektləri sizin üçün xüsusilə maraqlıdır?   

- Alman futbolu hər zaman ciddi daxili intizam və hər oyuna yüksək konsentrasiyalı hazırlıqla seçilib. Bunlar Avropa futbolunun inkişafına təkan verən faktorlardır. Əsas güc isə hələ uşaq futbolundan aşılanan, sadə oyun, sürət və kollektiv nizama üstünlük verən mentalitetdir. Bu "dəmir intizam" alman futbolçularının rəqibdən və ya hesabdan asılı olmayaraq, final fitinə qədər məsuliyyəti üzərlərinə götürmələrini və diqqətli qalmalarını təmin edir. Bu sadəlik və dözümlülük prinsiplərini öz məşqçilik fəlsəfəmə daxil etməyim karyerama çox müsbət təsir göstərib.   

  

- Futbolçu və ya məşqçi kimi nə vaxtsa Almaniya klublarından təklif almısınızmı?   

- Xatırladığım qədər, 1997-ci ildə - oyunçu olduğum vaxt məni məşhur almaniyalı məşqçi Bernd Ştangeyə məsləhət görmüşdülər, lakin bundan bir nəticə çıxmadı.   

  

- Əgər “Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?   

- Bütün mövsüm boyu alman komandalarına qarşı oynamaq çətindir və avrokuboklarda onlarla bir-iki dəfə qarşılaşmaqdan tam fərqlidir. Hesab edirəm ki, biz rəqabət apara bilərdik, yəni autsayder olmazdıq, lakin ilk 10-luğa düşmək asan olmazdı.   

  

- 2010-cu ildə Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzan “Qarabağ” artıq 2024-cü ildə "Bayer Leverkuzen"ə qarşı 2:2-lik nəticə əldə etdi. Bu müddət ərzində nə dəyişdi?   

- O vaxt bizim avrokuboklarda ilk illərimiz idi, "Borussiya" isə özünün ən güclü dövrlərindən birini yaşayırdı - sonradan Almaniya çempionu da oldular. Klopp yüksək sürətlə oynayan çox maraqlı komanda formalaşdırmışdı.   

"Bayer"ə qarşı isə biz artıq daha təcrübəli idik, lakin qrup mərhələsində onlara 1:5 hesabı ilə uduzduq və keyfiyyət fərqi aydın görünürdü. Amma onlarla yenidən qarşılaşdıqda, rəqibi daha yaxşı analiz etdik, səhvləri düzəltdik, daha özünəinamlı və diqqətli olduq. Yenə qalib gələ bilməsək də, bu oyunlar bizə böyük təcrübə və öz gücümüzə inam qazandırdı.   

  

- İndi "Ayntraxt Frankfurt"a qarşı oynayacaqsınız. Gözləntiləriniz nədir?   

- Dərk edirik ki, onlar bütün cəhətlərdə bizdən üstündürlər. Hazırda əsas məqsədimiz bütün oyunçuların sağlam olmasıdır ki, heyətdə rotasiyalar üçün daha çox seçimimiz olsun. Bakıda oynamağımızın üstünlüyündən də mümkün qədər yararlanmaq istəyirik. Avrokuboklardakı qələbələrimizdən sonra rəqiblər artıq bizi daha ciddi qəbul edirlər. Əminəm ki, "Ayntraxt" bizə qarşı çox ciddi hazırlaşacaq. Bu qarşılaşmada xallar hər iki komanda üçün vacibdir və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirmək üçün sona qədər mübarizə aparacağıq.   

  

- 2013-cü ildə "Ayntraxt"a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?   

- Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə uduzsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.   

  

- Komandanız yeddi xalla 22-ci yerdədir. Pley-off mərhələsinə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?   

- Real yanaşsaq, qalan iki oyundan birində qazanacağımız qələbə ilə də ilk 24 komanda arasında yerimizi təmin edə bilərik. Lakin bu, təkcə bizim çıxışımızdan deyil, həm də rəqiblərin nəticələrindən asılıdır. Buna görə də, qalan oyunların hər birində hətta bir xal belə bizim üçün həlledici ola bilər.   

  

- "Qarabağ" ardıcıl 12-ci mövsümdür avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?   

- Bütün uğurlarımızın təməlində "Qarabağ" adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu, bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.   

  

- "Qarabağ"ı öz futbol fəlsəfəsinə görə "Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?   

- Təbii ki, bu ləqəbi yüksək qiymətləndiririk. "Barselona"nın fəlsəfəsi və bu oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz "Barselona"nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla sadəcə tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdırlar. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.   

  

- Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırırlar. "Qarabağ" isə bu məsələdə daha təmkinli davranır. Bunun səbəbi nədir?   

- Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10 faizini heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verirlər. Əvvəllər komandaya, əsasən, azad agent olan futbolçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün, onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.   

  

- Son vaxtlar, əsasən, Portuqaliya ikinci liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?   

- Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğu üçün biz diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır - biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.   

  

- Komandanızda vaxtilə "İnqolştadt"da oynamış xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç də var. Nə üçün o, əsas qapıçı kimi özünü təsdiq edə bilmir?   

- Qapıçı mövqeyindəki rəqabət daha böyük olur, çünki komandada bu mövqe üçün yalnız bir yer var. Amma mən Fabianın peşəkarlığından və nümunəvi xarakterindən çox razıyam. Onun hələ Çempionlar Liqasında oynamaq imkanı qazanmaması ondan narazı olmağım anlamına gəlməməlidir. O, çox çalışqan oyunçudur və əminəm ki, gələcəkdə komandaya kömək etmək üçün hələ çox şansı olacaq.   

  

- Sizin haqqınızda deyirlər ki, məşq bazasına səhər hamıdan tez gəlir, axşam isə hamıdan gec çıxırsınız. Bu iş rejimi sizi yormur ki?   

- Artıq 40 ildir futboldayam və bu idman növünə sevərək gəlmişəm. Əgər insan işini sevirsə, bezməkdən və tükənmişlikdən söhbət gedə bilməz. Əlbəttə ki, mövsüm ərzində eniş-yoxuşlar, fiziki yorğunluq və ya komandanın zəif çıxışı olur - amma bu, futbolun təbiətində var. Tarix göstərir ki, hətta ən böyük klublar belə daim zirvədə qala bilmirlər. Əsas məsələ öz təyin etdiyin çərçivədə sabitliyi və uğuru qoruyub saxlamaqdır. Mən bu işi həqiqətən sevirəm və bezdiyimi hiss etdiyim an futbolu tərk edəcəyəm.   

  

- Siz hər zaman çox təmkinli görünürsünüz. Niyə oyunlar zamanı emosiyalarınızı, demək olar ki, büruzə vermirsiniz?   

- Bu, ilk növbədə mənim xarakterimlə bağlıdır. Bütün tapşırıqlarımı, hisslərimi və düşüncələrimi oyundan əvvəl paltardəyişmə otağında və ya məşqdə oyunçulara ötürürəm. Əgər komanda tam hazırlıqlıdırsa və hər kəs meydanda nə etməli olduğunu dəqiq bilirsə, meydanın kənarından həddindən artıq müdaxiləyə və ya süni emosiya nümayişinə ehtiyac görmürəm. Oyunun gedişatından asılı olaraq, əlbəttə, hisslərimi cilovlaya bilmədiyim anlar olur. Lakin ümumilikdə təmkinli olmağa çalışıram.   

  

- Futbolçu olduğunuz dövrdə tez-tez klub dəyişirdiniz. Amma məşqçi kimi belə deyil: 2008-ci ildən "Qarabağ"dasınız. Başqa bir komandada, bəlkə də başqa bir ölkədə çalımağı təsəvvür edirsinizmi?   

- "Qarabağ"da qurduğumuz peşəkar sistemə və bu adın daşıdığı mənəvi məsuliyyətə görə, düzünü desəm, heç vaxt başqa komanda haqqında düşünməmişəm. Futbolçu olduğum vatlarda böyük klublarda oynamaq xəyallarım var idi. Lakin bura məşqçi təyin olunduğum gündən bütün diqqətimi və enerjimi yalnız bu komandaya həsr etmişəm. Həm ölkə çempionatında, həm də Avropa arenasında hiss etdiyim daimi məsuliyyət məni bu kluba elə sıx bağlayıb ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.


Müsahibəni aldı: RASİM MÖVSÜMOV

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?