
"Sumqayıt"da vəziyyət getdikcə daha qəribə hal alır. Meydanda nəticə yoxdur, oyunda ideya görünmür. Amma mətbuat konfranslarında bəhanələrin sayı durmadan artır. Baş məşqçi Saşa İliç sanki komandanı növbəti matça hazırlamaqdan çox, açıqlamaya hazırlaşır.
"Karvan-Yevlax" görüşdə xal itkisi oldu – rəhbərlik günahkar çıxdı. "Şamaxı" oyunda məğlubiyyət gəldi – transferlər edilmədi deyildi.
İndi isə qarşıda "Sabah"a qarşı görüş var. Normalda məşqçi bu günlərdə taktika qurmalı, komandanı toparlamalı, futbolçuların inamını qaytarmalıdır. Amma bütün bu açıqlamalardan sonra adam istər-istəməz başqa şey düşünür. Elə təsəvvür yaranır ki, Saşa İliç komandani "bayquşlar" ilə oyuna hazırlamaqdan çox artıq yeni bir bəhanə üzərində işləyir. Yəqin ki, növbəti açıqlaması belə olacaq: “Komanda yaxşı oynadı, amma külək istiqamətini dəyişdi, top bizim planlaşdırdığımız trayektoriya ilə getmədi…”
Və ya: “Futbolçular istədiyim sistemi başa düşdü, sadəcə stadionun ot örtüyü taktiki planımıza uyğun deyildi…”
Bəlkə də ən klassik versiya: “Əslində qalib gələcəkdik. Sadəcə ulduzların düzülüşü bu dəfə bizə qarşı idi".
Bu, zarafat kimi səslənir. Amma meydanda oynanan futbol bəzən zarafatdan da ağır görünür.
Futbol azarkeşi isə sadə şey istəyir: komanda oynasın, mübarizə aparsın, baş məşqçi də məsuliyyəti üzərinə götürsün.
Bəhanələr çoxaldıqca nəticə dəyişmir. Futbolda bir qayda var: ya problemi həll edirsən, ya da problem sənsən.
MƏHƏMMƏD HÜSEYNOV