Atalar məsəli var: "Ağıllı düşmən nadan dostdan yaxşıdır".
Valideynlərim həmişə deyirdilər ki, ən çox dostlarından ehtiyatlı ol. Şükürlər olsun ki, əsl dostlarım onların düşüncələrini səhv çıxartdılar. Həm də ki, hamıya dost deyərək özümə, ailəmə yaxın buraxmadım...
Konfutsinin bir kəlamı var:
"Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar".
Konfutsi eramızdan əvvəl 500-cü illərdə yaşayıb-yaradıb. Tam 26 əsr əvvəl dediyi sözlər hələ də öz qüvvəsini, çəkisini saxlayır. İndinin özündə də qərarlı ola bilməmək insanı qorxu içində yaşadır.
Məncə, bu qədər giriş kifayətdir. Keçək əsas söhbətə. Yeni AFFA rəhbərliyi ictimaiyyətdəki tənqidlərdən qurtulmaq üçün özünə müdafiə manqası yaratdı. Həmin dəstənin adı kulislərdə "AFFA-nın dostları" adlandı. Məqsəd bəlli idi: çətin anlarda bu manqa futbol ictimaiyyətini "İnkişaf Strategiyası", "vaxt", "savad", "bilik", "yenilik" kimi bəhanələrlə sakitləşdirməli idi. Millinin məğlubiyyətləri zamanı, müdafiə manqası öz işini gördü. AFFA rəhbərliyi elə bildi ki, bu dəstə həmişə federasiyanın sözü ilə oturub-duracaq. Amma belə olmadı. Cahangir Fərəccullayevin quruma gəlişi hər şeyi alt-üst etdi. Müəyyən Xidmətlər Departamentinin dostlarından qurulan bu manqadan baş katib görülən işlərin siyahısını istəyib. Hətta həmin dəstəyə dedlayn da qoyub. Təbii ki, bu da qəzəbə səbəb olub - manqanın üzvləri üsyan edirlər. İndi həm baş katib, həm də icraçı vitse-prezident qorxuya düşüblər. Həm də peşmandırlar ki, belə bir dəstə formalaşdırıblar.
İndi siz deyin! Öz dostlarından qorxan adamlar Azərbaycan futbolunu düzəldə biləcək? Adi səs-küydən tir-tir əsən Sərxan Hacıyev - Cahangir Fərəcullayev ikilisi inkişafa səbəb olacaq? Özlərinə dost seçə bilməyənlər ölkə futbolundakı çirkabı necə təmizləyəcəklər?
İLKİN SULTANLI
Sport1.az