Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"i (2:1) məğlub edən "Araz-Naxçıvan"ın üzvü Patrik Andradenin
Sport1.az-a müsahibəsi...
- Matçla bağlı fikirlərin maraqlıdır...
- Məncə, oyunda güclü tərəf biz idik. Bunun bəhrəsini gördük. Qalib gəldik. Bu, bizim üçün çox vacib idi. Neçə həftədir ki, bu rəqibi təhlil edirdik. Görüşə yaxşı hazırlaşmışdıq. Ümid edirəm, cavab oyununda da qələbə qazanacağıq.
- "Araz-Naxçıvan"da ilk rəsmi matçında qol vurdun. Hansı hissləri keçirirsən?
- Vacib anda komandama fayda verdiyim üçün çox sevinirəm. Növbəti oyunlarda da əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.
- Yeni klub, yeni macəra, yeni gözləntilər. Növbəti mövsüm komanda olaraq hədəfləriniz nədir?
- Yaxşı kollektivimiz var. Yeni mövsümdə uğurlar əldə etmək istəyirik. Komanda yoldaşlarımda sözümə qatılarlar. Bizə bir az ambisiya lazım olacaq.
- Hesabda geri düşdünüz. Lakin 2 qol vuraraq geridönüş edərək qələbə qazandınız. Nə söyləyə bilərsən?
- Yenə deyirəm, rəqibi dərindən təhlil etmişdik. Meydanda yaxşı oyun göstərərək bunu sübut etdik. Növbəti görüşdə də diqqətimizi yalnız qələbəyə yönəldəcəyik.
- Bu rəqibi keçmək, mərhələ adlamaq mümkündür?
- Tam səmimi deyə bilərəm ki, bu haqda indidən nə isə demək düzgün olmaz. Bu, futboldur. Hər an hər şey ola bilər. Gələn həftə görək nə baş verəcək...
EMİN ZEYNALLI
Sport1.az