
Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
“Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir”.
– Rəvan Həmzəzadənin təyinatını eşidəndə nə düşündünüz?
– Heç nə. Çempionatın təcrübəli hakimlərindəndir. Onun təyinatını normal qarşıladıq. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar.
– Həm liqa, həm kubok yolu ilə avrokuboklara gedə bilərsiniz. Vəziyyəti necə dəyərləndirirsiniz?
– Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
– Elvin Cəfərquliyevin situasiyasını necə şərh edərdiniz?
– Dəqiqliklə nə olduğunu bilmirəm. Qurban müəllim yerli futbolçuya qarşı belə sərt qərar qəbul edirsə, deməli nəsə olub. Məyusedici məqamdır. Elvin potensiallı oyunçudur, Çempionlar Liqasında yaxşı səviyyədə oynayıb. Düşünürəm ki, sonda yaxşı olar, hər şey yoluna düşər.
– İstərdiniz heyətinizə qatasınız?
– Hər klub onun kimi futbolçunu arzulayar.
– Kuboka görə çempionatı “qurban verəcəksiniz”?
– Xeyr. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq.
– Abbas Hüseynovun adı “Zirə” ilə hallanır…
– Abbas gündəmimizdə deyil. Həmin mövqedə kapitan Qismət Alıyev çıxış edir.