
Gəncə şəhər stadionu “Stadium of the Year 2025” beynəlxalq müsabiqəsinə namizəd göstərilib.
Sport1.az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, arena idman memarlığı sahəsində keçirilən və dünyanın müxtəlif ölkələrində inşa olunmuş stadionların qiymətləndirildiyi layihədə Azərbaycanı təmsil edir.
2011-ci ildən təşkil olunan səsvermədə əvvəlki il ərzində istifadəyə verilmiş ən diqqətçəkən stadionlar iştirak edir. 2025-ci il üçün siyahıya dünyanın 28 yeni stadionu daxil edilib.
15 343 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionu 2024–2025-ci illərdə tikilib və “Kəpəz”in ev oyunlarına ev sahibliyi edəcək. Arena ölkədə futbol infrastrukturunun yenilənməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Qalib ictimai səsvermə yolu ilə müəyyənləşəcək. Səsvermə 9 mart 2026-cı il tarixinədək davam edəcək.