
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunlarını “Arsenal”ın skautları izləyəcək.
Sport1.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, İngiltərə çempionatının lideri “sağsağanlar”ın iki futbolçusunu – Sandro Tonali və Lyuis Maylini bəyənir. London təmsilçisi xüsusən də, Tonalini mövsümün sonunda transfer etməkdə israrlıdır. Ancaq İtaliya millisinin üzvü digər nəhəbg klubların da diqqət mərkəzindədir.
“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetanın tapşırığına əsasən “Nyukasl”ın ev və səfər görüşlərinə skaut göndərir. Məqsəd Tonalinin komandanın oyun üslubuna uyğun olub-olmadığını müəyyənləşdirməkdir. “Qarabağ”la matçlarda da “topçular”ın nümayəndələri yarımmüdafiəçini tribunadan izləyəcəklər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.