
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Nyukasl”ı qəbul edəcək.
Ağdam təmsilçisini çətin sınaq gözləyir. İngiltərə Premyer Liqasında iştirak edən komanda hazırda müəyyən eniş yaşasa da, səviyyəli kollektiv hesab olunur və matçın favoriti kimi göstərilir.
Görəsən, “köhlən atlar” doğma meydanda üstün nəticə əldə edə biləcək?
Sualımızı “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyevə yönəltdik. Milli komandamızın keçmiş kapitanı Sport1.az-a açıqlamasında bunları dedi:
“Qarabağ” üçün çox çətin oyun olacaq. Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Hamımız bilirik ki, "Nyukasl" daim İngiltərədə yuxarı pillələrdə oynayır.
“Qarabağ” üçün həqiqətən çox çətin qarşılaşma olacaq. Fikrimcə, İngiltərə Premyer Liqası hazırda dünyanın ən güclü liqasıdır. Bu çempionatın güclü komandalarına qarşı oynamaq “Qarabağ” üçün asan deyil.
Ağdam təmsilçisi təcrübəli komandadır. Nə qədər çətin və ağır olsa da, inanıram ki, təmsilçimiz yaxşı nəticə əldə edə bilər”.
NİHAT KƏRİMLİ