
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Liverpul”la oyundan sonra paltardəyişmə otağında yaşananları açıqlayıb.
Sport1.az xəbər verir ki, qolkiper Rusiyanın “championat.com” saytına müsahibəsində baş məşqçi Qurban Qurbanovun həmin məğlubiyyətdən sonra çox qəzəbli olduğunu və komandanı sərt şəkildə tənqid etdiyini bildirib:
“Baş məşqçimiz çox ambisiyalıdır. Hətta “Liverpul”la oyunda da qalib gəlmək istəyirdik, bu səbəbdən də 0:6 uduzduq (gülür). Hücumameyilli oynadıq. O, “Barselona" sisteminin fanatıdır. Bizə də bunları aşılayır: topa nəzarət etməli, onu özümüzdə saxlamalıyıq. Son vaxtlar isə Avropa səviyyəsinə uyğun olmaq üçün “fizika” üzərində çox işləyirik. Avropalılar hər üç gündən bir bu səviyyədə oynayır, biz isə yalnız Çempionlar Liqasında, yəni üç həftədən bir. Baş məşqçimiz həqiqətən çox ambisiyalıdır, heç vaxt dayanmır. Onun bir dəfə də özündən razı qaldığını görməmişəm. Məsələn, “Liverpul”a məğlubiyyətdən sonra Qurbanov paltardəyişmə otağında çox qəzəbli, məyus idi, hamını söyürdü. Sonra isə belə dedi: “Yaxşı. Pley-offdayıq, tarix yazdıq, sevinin, uşaqlar”. Ancaq yenə də “Enfild”dəki 0:6-dan uzaqlaşa bilmədi. Ora biz qələbə düşüncəsi ilə getmişdik”.