Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.
Toplantıda ölkə futbolu ilə bağlı qərarlar qəbul olundu. Ən vacib qərar onu saya bilərik ki, Əvəzedicilər Liqası ləğv edilmədi. Digər məsələlər haqqında çox danışmağa dəyməz. Çünki İnkişaf Strategiyası ilə bağlı söz-söhbətdən başqa, ortalıqda konkret nəsə gözə dəymədi.
Dünən "Qarabağ" klubu Qarabağa səfər etdi. Komandanın futbolçuları, məşqçilər korpusu, rəhbərliyi burada iştirak etdilər. Gözəl təşəbbüsdür. Təbii ki, "Qarabağ" çempionluğunu məxsus olduğu bölgədə keçirməli idi.
Ancaq bir daha xatırladım, dünən axı AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Komandası ilə birgə Qarabağda olan Qurban Qurbanov toplantıda iştirak etməyib. Başa düşüləndir. "Qarabağ" bizim üçün müqəddəs hesab olunan torpaqlara səfər etməli idi. Amma...
Qurban Qurbanov 6-cı dəfədir ki, AFFA İcraiyyə Komitəsinin iclaslarında iştirak etmir. Dünənkini başa düşdük. "Qarabağ" Qarabağa səfər edib. Ağdam təmsilçisi ilə tarix yazan şəxs komandasının başında olmalı idi.
Bəs digərləri? Nə üçün Qurban Qurbanov ardıcıl 6 dəfə İcraiyyə Komitəsinin iclasında iştirak etmir? Adı çəkilən şəxs ölkədə futbolu inkişaf etdirməyə qadirdir. O, hər iclasda olmalı və təklifləri ilə AFFA rəhbərliyini yönləndirməlidir. Amma bu, baş vermir. Səbəb nədir?
Olmaya Rövşən Nəcəf, Cahangir Fərəcullayev, Sərxan Hacıyev üçlüsü Qurban Qurbanovu AFFA-dan küsdürüb?
Qurban Qurbanovun iclaslarda iştirak edə bilməməsinin 2 səbəbi var:
1. İcraiyyə Komitəsinin görüşlərini təşkil edənlər üzvlərlə kommunikasiya problemi yaşayırlar. Kimin nə vaxt, harada olacağını planlaşdıra bilmirlər. Bu işə də bildiyimiz qədəri ilə katiblik nəzarət edir.
2. Qurban Qurbanov bu iclaslarda iştirak etmək istəmir. Çünki düşünür ki, İK-da onun sözünə qulaq asılmır.
Səbəb yuxarıda qeyd etdiyim ikinci variantdırsa, Qurban Qurbanov səhvə yol verir. "Qarabağ"ın baş məşqçisinə hamı xilaskar gözü ilə baxır. O, hazırkı İK-da ümid bəslədiyimiz yeganə şəxsdir. İclaslarda iştirak etməli, təkliflər irəli sürməlidir. Onun fikirləri qəbul olunmasa, bunu ictimaiyyətə açıqlamalıdır. 6 dəfə İcraiyyə Komitəsinin iclasında iştirak etməməkdənsə, istefa vermək daha məqsədə uyğundur.
Sakit durmaq lazım deyil. Bu, məğlubiyyəti qəbul etmək deməkdir. Biz sizi ölkə futbolunda ən mübariz şəxs kimi tanıyırıq! Ölkə futbolunun gələcəyinə olan ümidimizi puç etməyin, cənab Qurbanov!
İLKİN SULTANLI
Sport1.az