"Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlərimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü".
Sport1.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yeton Beqiri deyib.
Mütəxəssis "Karvan-Yevlax"la yoxlama oyunundan sonra fikirlərini bölüşüb:
"Sumqayıt"la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi.
Mənim üçün ən vacibi bütün futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq.
4 futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədir. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq. Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik.
Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək".