son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə MÜSAHİBƏ

Bölmə adı Milli / Manşet / Özəl
Yayımlandı Dünən, 23:20

30 il əvvəl, 31 avqust 1996-cı ildə Azərbaycan futbolunun tarixində xüsusi yer tutan qarşılaşma keçirildi.

Müstəqillik dövründə Bakıda ilk dəfə meydana çıxan millimiz İsveçrəni qəbul edirdi. Bundan əvvəl Avropa Çempionatının seçmə görüşlərini Trabzonda keçirən komandamız üçün qarşılaşma həm də böyük sınaq idi. Tribunalar ağzına qədər dolmuşdu, Ulu Öndər Heydər Əliyev də stadionda idi.

Rəqib 1994-cü il Dünya Çempionatında iştirak etmiş, heyətində Avropanın tanınmış futbolçularını birləşdirən İsveçrə idi. Azərbaycanlı futbolçuların həyəcanı isə o həddə çatmışdı ki, bir çoxu qarşılaşmadan əvvəl gecəni yata bilməmişdi.

Amma 26-cı dəqiqədə Vidadi Rzayev səhnəyə çıxdı. Onun vurduğu qol İsveçrə üzərində 1:0 hesablı qalib gəlməyimizə səbəb oldu. Azərbaycan millisinin müstəqillik tarixində ilk rəsmi qələbəsi kimi tarixə düşdü.

Sport1.az 30 il öncə vurulan tarixi qolun müəllifi Vidadi Rzayevlə əlaqə saxladıq. Qəhrəmanımız saytımıza müsahibəsində həmin qarşılaşmanı, o gün yaşanan həyəcanı, Azərbaycan futbolunun dünənini və bu gününü dəyərləndirdi.

- İlk növbədə, həmin oyunla bağlı təəssüratlarınız maraqlıdır. Qələbə qolunun müəllifi məhz siz olmuşdunuz.

- Həmin oyunla bağlı təəssüratlar... Görün, üstündən neçə il keçib? Düz 30 il ötüb. Əvvəlcə oyundan əvvəlki vəziyyəti deyim. Bu, müstəqillik dönəmimizdə Bakıda keçirdiyimiz ilk qarşılaşma idi. Ondan əvvəl Avropa Çempionatının seçmə oyunlarını Trabzonda oynayırdıq. Çünki ermənilərlə müharibə getdiyinə görə rəqiblər evdə oynayırdılar. Bizi isə səfərə salmışdılar və bütün görüşləri Trabzonda keçirirdik.

Bakıda ilk dəfə azarkeşlərimizin qarşısına çıxacağımız üçün hamımız çox həyəcanlı idik. Tribunalar tam dolmuşdu, böyük dəstək hiss olunurdu. Ulu Öndərin stadiona gəlişi də 25-ci dəqiqəyə təsadüf etdi, 26-cı dəqiqədə isə qol vuruldu.

Oyundan bir gün qabaq hələ kimin əsas heyətdə oynayacağını da bilmirdik. Futbolçular həyəcandan səhərə qədər yata bilməmişdilər. Çünki heyət bəlli deyildi, hamımızda “uduzsaq, biabır olarıq” düşüncəsi var idi.

İsveçrə 1994-cü ildə ABŞ-dəki Dünya Çempionatında yaxşı çıxış etmişdi. Veqa, Şapyuiza kimi ulduzların ən yaxşı vaxtları idi. Biz də onların həmin turnirdəki çıxışlarını izləmişdik.

Bəlkə də bizə qarşı saymazlıq etdilər, yeni müstəqil olmuş dövlətdir deyə ciddiyə almadılar. Qismət elə gətirdi ki, ilk qələbəmizi qazandıq. Qolu mənim və ya başqasının vurması fərq etmirdi. Əsas olan qalib gəlmək idi. Qismət elə gətirdi ki, bunu etmək mənə nəsib oldu.

Bütün komanda yoldaşlarımın, həmin gün əziyyəti olan futbolçuların hamısının Allah canını sağ eləsin. Yaşlaşmışıq. Allah hamısına uzun ömür, can sağlığı versin.

- Həmin dönəmdə Azərbaycan müstəqilliyini yeni əldə etmiş bir ölkə idi. Bu qarşılaşma öncəsi futbolçuların və məşqçilər korpusunun üzərində “mütləq uğur qazanmalıyıq” kimi təzyiq var idimi?

- Açığı, qələbəyə heç özümüz də inanmırdıq. Yenə deyirəm, 1994-cü il Dünya Çempionatında İsveçrə ən yaxşı komandalardan biri idi. Bəlkə də, tarixlərinin ən güclü heyəti ilə qarşılaşmışdıq. Çox qüvvətli idilər.

Üzərimizdə elə bir basqı yox idi. Düzdür, mükafat söz vermişdilər və o dövr üçün yaxşı pul idi. Amma heç kim mükafata baxmırdı, gözümüzə heç nə görünmürdü. Əsas fikirləşirdik ki, azarkeşlərimizin qarşısında biabır olmayaq, birdən çox qol buraxarıq, böyük hesablı məğlubiyyət olar.

Amma qalib gəldik. Rəqibin heyətində o vaxt “Qalatasaray”da oynayan Kubilay Türkyılmaz və digər məşhur klubların futbolçuları vardı. Siz də bizim yerimizdə olsaydınız, düşünərdiniz ki, qalib gələ bilərikmi? Qələbə bir yana, heç-heçə belə bizim üçün böyük uğur idi.

- Tarixi qarşılaşmadan 30 il keçib. Hazırda Azərbaycan futbolunun, xüsusən də milli komandanın vəziyyətini necə qiymətləndirirsiniz? Gedişat müsbətə doğrudur, yoxsa geriləmə var?

- İndi hər kəs öz dövrünü tərifləyir, amma mən bu fikirlə razı deyiləm. Hər futbolçunun öz vaxtı, öz zamanı var. Həmişə demişəm, indi də fikrimin üstündə dururam. Hamımız öyrənə-öyrənə gəlmişik.

Mən “Neftçi”yə gələndə Ponomaryov, İsgəndər Cavadov, Arzu Mirzəyev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Novruz Əzimov, Maşallah Əhmədov, rəhmətlik Səmədağa Şıxlarov kimi futbolçulardan öyrənmişəm. Onlar da özlərindən qabaq Banişevskidən öyrəniblər.

Məncə, bizdən qabaq oynayanlar güclü olublar. Futbolda da belədir. Pelenin, Maradonanın oyunundan Ronaldinyo, Messi öyrənib. Ona görə də bizdən qabaqkılar daha güclü olublar.

İndiki vəziyyətə gəlincə, milli komanda Azərbaycan futbolunun güzgüsüdür. Avropada çıxış edən klublarımız oldu: “Sabah”, “Neftçi”, “Zirə”, “Qarabağ”. Amma yerli futbolçularımız barmaqla sayılacaq qədərdir.

Təsəvvür edin ki, “Qarabağ”da ehtiyatda oturan oyunçular gəlib millidə əsas heyətdə oynayırlar. Baş məşqçi də onları götürməyə məcburdur. Mən də həmin postda olsam, kimi seçməliyəm?

Bütün klublar legionerlərlə doludur. Məsələn, “Sabah”da iki-üç, “Qarabağ”da Elvin Cəfərquliyev, zədələnməzdən əvvəl Bəhlul Mustafazadə və Bədavi Hüseynov. Barmaqla sayılacaq qədər, cəmi 4-5 yerli futbolçu var. Bəs qalan 24-25 oyunçunu haradan yığmalıdırlar? Məcburən ehtiyatda qalanları götürürlər.

Müqayisə üçün, Gürcüstan millisi Avropa Çempionatının final mərhələsinə yüksəldi. Gürcüstan klublarından kimi tanıyırsınız? Ən tanınmışı “Dinamo”dur (Tiflis) ki, illərdir nə Çempionlar Liqasının, nə də Avropa Liqasının qrupuna düşə bilir. Amma milliləri görün haradadır. Çünki xeyli oyunçuları legioner həyatı yaşayır.

Bizdə isə klublarımız, məsələn, “Qarabağ” qruplara düşür. Sevinirik ki, "Sabah" Çempionlar Liqasının liqa mərhələsinə çıxıb. Burada "Mançester Yunayted”, “Arsenal”, “Napoli”, "Barselona", "Borusiyya" ilə qarşılaşacaqlar. Amma milli komandanın vəziyyəti ürəkaçan deyil.

- Qarşıda yığmamızın Millətlər Liqası çərçivəsində görüşləri var. Hazırda D Liqasındayıq. Rəqiblərimiz San Marino, Moldova və Litvadır. Gözləntiniz necədir?

- Liqada limitin götürülməsi ilə bağlı deyirlər ki, öz futbolçularımız oynayanda da məğlub olurduq. Amma yerli futbolçuların yetişməsi üçün I Liqa güclü olmalıdır. Klubların sponsoru olmalıdır. I Liqada ilk yeri tutan komanda Premyer Liqaya çıxmalıdır ki, stimul yaransın. Əvvəl Elxan Məmmədovun vaxtında bunu etmirdilər, indi düzəldiblər.

Ayxan Abbasova və millimizə uğurlar arzulayıram. Kaş D Liqasından daha yuxarılara vəsiqə qazansınlar. Amma hələlik yaxşı heç nə görünmür. Çünki Ayxan Abbasovun özü də etiraf etdi ki, hamı legioner oynadır, yerli futbolçu azdır. Yəni reallıq budur ki, hələ yaxşı heç nə yoxdur.

- Legioner limitindən bəhs etdiniz. Xaricdə çıxış edən futbolçularımız var. Bunlardan ən öndə olanı Mahir Emrelidir. “Rakuv”a getdikdən sonra karyerasının ən yaxşı dönəmini yaşayır. Digər futbolçularımızdan Toral “Qarabağ”dan “Bursaspor”a getdi, Zamiq Albaniyada oynayır, Nəriman Axundzadə ABŞ-dən Türkiyəyə yollandı. Bu futbolçuların performansı ilə bağlı nə deyə bilərsiniz?

- Mahir Emreli yaxşıdır, qollar vurur. Digərlərinin oyunlarına tam baxmamışam, fərdi performanslarına qiymət verə bilmərəm. Yəqin ki, millinin məşqçisi Ayxan müəllim və skautlar onları izləyir, qeydlər aparırlar.

Amma sevindirici haldır ki, legioner həyatı yaşayan futbolçularımızın sayı artır. Kaş daha çoxu xaricə getsin. Çünki burada oturub klubda 11 legionerin arxasında ehtiyatda qalmaqdansa, gedib Türkiyənin I Liqasında və ya başqa yerdə əsas heyətdə oynamaq daha yaxşıdır. Orada inkişaf edəcəklər, burada ehtiyatda qalmaqla heç nə edə bilməzlər.

Digər tərəfdən, yerli futbolçularımızda rəqabətə dözümlülük olmalıdır. Məsələn, mən legioner həyatı yaşamışam. Heç kim öz yerini asanlıqla vermir ki, Vidadi gəlib mənim yerimdə oynasın. Mübarizə aparırlar, sən də məcburən onlardan güclü olmalısan ki, əsas heyətdə oynayasan.

İndi legioner gələn kimi yerli futbolçu yerini asanlıqla ona verib kənara çəkilməməlidir, mübarizə aparmalıdır.

Bizim dövrümüzdə də legioner həyatı yaşaya bilərdik. Çox klublar istəyirdi, amma getmədik, burada qaldıq. Çempionatımızın bu günə gəlib çatmasında o dövrün futbolçularının - Yunis Hüseynov, Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Yaşar Vahabzadə, Tərlan Əhmədov və adını çəkmədiyim bir çoxlarının böyük əziyyəti olub. Pulsuzluq çəkdikləri dönəmlər də yaşanıb.

İndiki futbolçulara isə tövsiyə edirəm ki, xaricə getsinlər, rəqabətdən qorxmasınlar və Azərbaycan futbolunun adını yüksəltsinlər.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR