
Bakı - Azərbaycan Alpinizm Federasiyası 26–27 iyun tarixlərində Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan dağ yürüşü keçirib.
Sport1.az xəbər verir ki, yürüşə federasiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları da qatılıblar.
Tədbir Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə ehtiram ifadəsi, Vətənə xidmət ruhunun təbliği və dağçılıq idmanının inkişafına dəstək məqsədi daşıyıb. İştirakçılar yürüş boyu həm fiziki dözümlülük, həm komanda həmrəyliyi, həm də çətin dağ şəraitində düzgün qərarvermə bacarığı nümayiş etdiriblər.
Plana görə, yürüşün Zəfər zirvəsi istiqamətində keçirilməsi nəzərdə tutulurdu. Lakin dağlıq ərazidə müşahidə olunan güclü külək, məhdud görünmə məsafəsi və dəyişkən meteoroloji şərait nəzərə alınaraq iştirakçıların təhlükəsizliyi əsas götürülüb və marşrut operativ qaydada dəyişdirilib. Peşəkar risk qiymətləndirilməsindən sonra komanda 2 783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsi istiqamətində hərəkəti davam etdirib.
Çətin hava şəraitinə baxmayaraq, iştirakçılar təhlükəsizlik qaydalarına tam riayət etməklə Xarıbülbül zirvəsinə yüksəlib və yürüşü uğurla başa çatdırıblar. Marşrutun dəyişdirilməsi dağçılıqda əsas prinsipin yalnız zirvəyə çatmaq deyil, hər bir iştirakçının təhlükəsiz şəkildə geri dönməsini təmin etmək olduğunu bir daha göstərib.
Azərbaycan Alpinizm Federasiyası bu yürüşü Silahlı Qüvvələr Gününə həsr olunmuş rəmzi dağçılıq fəaliyyəti kimi qiymətləndirir. Tədbir həm dövlət qurumları arasında əməkdaşlığın, həm də Azərbaycan dağçılıq ictimaiyyətində məsuliyyət, nizam-intizam və həmrəylik ruhunun bariz nümunəsi olub.