
"Karvan-Yevlax"ın prezidenti Şahmar Vəliyevin Sport1.az-a xüsusi müsahibəsi....
- “Karvan-Yevlax”ın 16 ildən sonra böyük futbola qayıdışını necə dəyərləndirirsiniz? Bu dönüş gözləntilərinizi doğrultdumu?
- 16 ildən sonra böyük futbola qayıdış özlüyündə emosional və simvolik bir hadisədir. Amma mən emosiyalarla yox, nəticələrlə danışan insanam.
Açıq deyim, bu dönüş gözləntilərimi tam doğrultmadı. Bəli, qısa müddətdə müəyyən irəliləyiş əldə etdik və belə uzun fasilədən sonra cəmi iki il ərzində Premyer Liqaya yüksəlmək obyektiv olaraq uğur sayılmalıdır. Bunu danmaq düzgün olmazdı.
Lakin mənim baxışım fərqlidir. Mən sadəcə liqaya yüksəlməyi yox, orada rəqabət aparan, oyun fəlsəfəsi olan və sabit nəticələr göstərən bir “Karvan” görmək istəyirdim. O baxımdan deyə bilərəm ki, hələ istədiyim səviyyəyə çatmamışıq.
Bu, nə bəhanədir, nə də məyusluğun ifadəsidir; reallığın düzgün qiymətləndirilməsidir. Özümüzə qarşı tələbkar olmasaq, inkişaf da olmaz. Qarşıdakı mərhələdə əsas hədəfimiz artıq təkcə qayıdış yox, möhkəmlənmək və iddialı komanda kimi formalaşmaqdır.
- Komandanın bu mövsüm arzuolunan nəticələri əldə edə bilməməsinin əsas səbəblərini nədə görürsünüz?
- Açığı, bu mövsüm uğursuzluğun səbəbləri bizim üçün qaranlıq deyil. Bunu gizlətmək niyyətində deyiləm. Əsas problem seleksiya mərhələsində buraxılan ciddi səhvlər oldu. Bu prosesi həvalə etdiyim şəxslərə tam etimad göstərdim, amma təəssüf ki, onlar özlərini doğruldulmadılar. Komandaya kifayət qədər yüksək maaşlı futbolçular cəlb olunmuşdu, lakin meydandakı performansla yatırılan vəsait arasında ciddi uyğunsuzluq yarandı.
Mən artıq mövsümün ilk oyunlarından, konkret desəm, 3-4-cü turdan sonra komandanın istədiyimiz nəticələri verməyəcəyini görürdüm. Bu isə problemin təsadüfi yox, sistemli olduğunu göstərir. Futbolda belə halların iki əsas səbəbi olur: ya peşəkarlıq səviyyəsi kifayət etmir və seleksiya düzgün aparılmır, ya da prosesdə fərqli maraqlar və maxinasiyalar rol oynayır. “Karvan” kimi klubda bu səviyyədə səhvlərə yer verilməməli idi.
Xüsusilə legioner seçimi məni qətiyyən qane etmədi. Bu sahədə, demək olar ki, sıfıra yaxın effektivlik gördüm.
Nəticə olaraq, bu vəziyyət bizim üçün ciddi dərs oldu. Artıq seleksiya siyasətinə daha sərt nəzarət ediləcək, qərarlar daha peşəkar və şəffaf əsaslarla veriləcək. “Karvan”da heç kim adı xatirinə yox, keyfiyyətinə görə yer almalıdır.
- Füzuli Məmmədovun gəlişindən sonra komandada müəyyən dirçəliş hiss olunur. Sizcə, o, mövsümün əvvəlindən baş məşqçi olsaydı, “Karvan-Yevlax” fərqli nəticələr göstərə bilərdimi?
- Füzuli Məmmədov haqqında danışanda ilk növbədə bir şeyi qeyd etməliyəm — o, çox tələbkar və işinə son dərəcə ciddi yanaşan məşqçidir. Onu komandaya gətirərkən səhv etmədiyimizi düşünürəm və bu gün də həmin fikirdəyəm.
Gəlişindən sonra komandada intizam, məşq keyfiyyəti və ümumi yanaşma tamamilə dəyişdi. Açıq deyim, Füzuli müəllim mövcud heyətlə bacardığından da artığını etdi. Futbolçuların fiziki və oyun səviyyəsini qısa müddətdə müəyyən bir həddə qədər qaldıra bildi. Onun məşqlərinə tab gətirə bilməyən futbolçularla isə yollarımızı ayırmaq qərarı verdik. Çünki “Karvan”da qalmaq üçün təkcə ad yox, xarakter və dözüm də lazımdır.
Amma reallığı da demək lazımdır. Baza, yəni seleksiya düzgün qurulmayıbsa, məşqçinin imkanları da məhdud olur. Keyfiyyətsiz materialdan yüksək nəticə gözləmək doğru deyil. Bu baxımdan problem təkcə məşqçi ilə bağlı deyildi.
Sualınıza konkret cavab olaraq deyə bilərəm ki, Füzuli Məmmədov mövsümün əvvəlindən komandanın başında olsaydı, nəticələrin fərqli olma ehtimalı çox yüksək idi. Ən azından bu vəziyyətdə olmazdıq. Ümumilikdə ondan razıyam. Füzuli Məmmədov məsuliyyəti dərk edən, prinsipial və “Karvan”ın tələblərinə uyğun çalışan bir mütəxəssisdir.
- Premyer Liqanın bitməsinə az vaxt qalıb və vəziyyət çətin görünür. Komandada elitada qalmaq üçün ümid varmı? Siz bu “möcüzə”yə inanırsınız?
- Açıq danışmağı üstün tuturam. Mən möcüzələrə inanan rəhbərlərdən deyiləm. Futbolda nəticə sistemin, planlamanın və düzgün qərarların məhsulu olur.
Bu günkü vəziyyətə baxsaq, sırf bu nəticələrlə Premyer Liqada qalacağımıza inamım yüksək deyil. Reallığı olduğu kimi qəbul etmək lazımdır. Lakin bu, “Karvan”ın elitada olması üçün potensialının olmadığı anlamına gəlmir. Əksinə, infrastrukturumuz, imkanlarımız və klubun bazası Premyer Liqa səviyyəsinə tam cavab verir.
Gələcəkdə AFFA tərəfindən liqada komanda sayı artırılsa və əlavə imkan yaransa, təbii ki, bu şansı dəyərləndirmək istəyərik.
Bu gün komandada Füzuli Məmmədov kimi peşəkar baş məşqçi və eyni zamanda klub daxilində nizam-intizamlı, idarəetmədə sistemliliyə üstünlük verən icraçı direktor Elvin Əjdərli var. Həm məşqçiyə, həm də icraçı direktora inanıram. Bu birlik və düzgün yanaşma ilə “Karvan” yaxın gələcəkdə daha güclü şəkildə Premyer Liqaya qayıdacaq. Yəni bu gün möcüzəyə yox, sabahın düzgün qurulmasına inanırıq.
- Nəticələr istənilən səviyyədə olmasa da, infrastruktur sahəsində ciddi addımlar atılıb. Yaxın gələcəkdə azarkeşləri başqa hansı yeniliklər gözləyir?
- İnfrastruktur bizim üçün təkcə bu günün yox, gələcəyin investisiyasıdır. Stadionun örtüyü yenilənib, baza təmir olunub və yeni stadion layihəsi üzərində iş gedir. Lakin biz bununla kifayətlənmək niyyətində deyilik.
Uzun illərdir Yevlax futbolunun içindəyəm. Hələ 80-ci illərdə “Avtomobilçi” və “Yunçu” dövründən bu şəhərdə futbola dəstək vermişəm. Yaxşı xatırlayıram ki, nəticədən asılı olmayaraq, Yevlax azarkeşi həmişə komandasının yanında olub. Bu gün də eyni mənzərəni görürük. Komanda sonuncu pillələrdə olsa belə, tribunalar boş qalmır. Bu, böyük dəyərdir və biz bunu yüksək qiymətləndiririk.
Rəqəmlər də bunu təsdiqləyir. I Liqada çıxış etdiyimiz dövrdə belə ən çox azarkeşi olan komandalar sırasında olmuşuq. Bu, “Karvan”ın təkcə klub deyil, şəhərin bir parçası olduğunu göstərir. Yaxın gələcəkdə məqsədimiz daha genişdir. Uşaq və yeniyetmə futbolunun inkişafına ciddi yatırım ediləcək. Akademiya sistemi daha peşəkar şəkildə qurulacaq. İdmanın digər növlərinə də dəstək veriləcək. Azarkeşlər üçün stadion təcrübəsi daha müasir və rahat hala gətiriləcək.
Yevlaxda futbolun təkcə bir komandanın nəticəsi ilə ölçülməməsini, şəhərin həyat tərzinə çevrilməsini istəyirik. Bütün bu işlərin nəticəsi olaraq “Karvan” yenidən Premyer Liqaya qayıdacaq. Bunu reallaşdıranda azarkeşlərimizə yalnız nəticə yox, sistemli və davamlı uğur təqdim edəcəyik.
- Bəzi fikirlərə görə, “Karvan-Yevlax” Premyer Liqanı tərk edərsə, klubun fəaliyyətində ciddi geriləmə və ya dağılma ola bilər. Bu ehtimala necə baxırsınız?
- Açığı, kiminsə klubun dağılması və ya geriləməsi ilə bağlı mənim və ya klub adından danışmasını doğru hesab etmirəm. Bu cür fikirlər ya məlumatsızlıqdan irəli gəlir, ya da açıq desəm, xoşniyyətli yanaşma deyil.
“Karvan-Yevlax” bir günlük layihə deyil ki, bir liqadan düşməklə dağılsın. Bu klubu sistem üzərində - infrastruktur, idarəetmə, maliyyə intizamı və uzunmüddətli planlama ilə qururuq. Bu gün atdığımız addımlar məhz sabit və davamlı inkişaf üçündür.
Premyer Liqada qalmaq bizim üçün vacibdir. Amma futbolda eniş də var, çıxış da. Əsas məsələ bu proseslərə necə reaksiya verməkdir. Biz geri çəkilən yox, daha da güclənərək qayıdan tərəf olacağıq.
“Karvan”ın nə geriləmə, nə də dağılma kimi bir gündəmi yoxdur. Əksinə, biz gələcəyə daha aydın planlarla və daha böyük hədəflərlə baxırıq. Kim fərqli düşünürsə, bu, onların subyektiv yanaşmasıdır. Reallıq isə tamam başqadır.
- Azarkeşlər yenidən UEFA Kubokunda mərhələ keçən o səviyyədə komanda görəcəklərinə ümid edə bilərlərmi?
- Bu mövzuda heç nəyi qabaqlamaq istəmirəm və vədlərlə danışmağın tərəfdarı deyiləm. Təbii ki, istəyimiz var və bu istək real hədəflərə söykənir.
Sevindirici haldır ki, Azərbaycanda futbol ümumilikdə inkişaf edir. Xüsusilə bu inkişafın təməlində ölkə rəhbərliyinin idmana göstərdiyi yüksək diqqət və qayğı dayanır. Möhtərəm cənab Prezident tərəfindən idmana, infrastruktur layihələrinə və sağlam həyat tərzinin təşviqinə verilən dəstək bu gün bütün sahələrdə, o cümlədən futbolda öz müsbət nəticəsini göstərir.
Əvvəllər yalnız bir neçə klub ön planda idisə, bu gün artıq daha güclü rəqabət formalaşıb, alternativlər yaranıb və ümumi səviyyə yüksəlib. Bu, hər bir klubu daha ciddi işləməyə məcbur edir.
Məhz belə bir rəqabətli mühitdə biz də “Karvan” olaraq öz keçmiş nüfuzumuzu bərpa etməyi qarşıya məqsəd qoymuşuq. Vaxtilə UEFA Kubokunda mərhələ keçən ilk klub olmaq bizim üçün sadəcə xatirə deyil, məsuliyyətdir.
Hədəfimiz “Karvan”ı yenidən o səviyyəyə qaytarmaqdır, lakin emosional deyil, sistemli, planlı və mərhələli şəkildə. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu istiqamətdə real iş gedir və məqsəd yalnız keçmişi təkrarlamaq deyil, onu daha da inkişaf etdirməkdir.
- Sizin üçün hansı “Karvan” daha doğmadır: 2004-cü ildəki komanda, yoxsa bu günkü “Karvan-Yevlax”?
- 2004-cü ildə formalaşan “Karvan” mənim üçün xüsusi bir dövrdür. O vaxt komanda həm idarəetmə, həm də meydandakı keyfiyyət baxımından çox güclü bir sistem üzərində qurulmuşdu. Yunis Hüseynov ilə birlikdə, ciddi nəzarət və peşəkar yanaşma nəticəsində həqiqətən rəqabətədavamlı komanda formalaşdırmışdıq. Rəqiblər üçün o komandaya qarşı oynamaq asan deyildi. Hətta bərabərlik belə onlar üçün uğur sayılırdı.
“Karvan” mənim üçün hər zaman doğma klub olub və olacaq. Amma açıq danışsam, bu günkü vəziyyət o zamankı gözləntilərimi tam olaraq qarşılamır. Bu, emosional yox, obyektiv yanaşmadır.
Bu günkü komandanı keçmişlə müqayisə edəndə məqsəd kimisə kiçiltmək deyil, reallığı düzgün təhlil etməkdir. Futbol dəyişib, rəqabət artıb və biz də bu dəyişikliklərə uyğun daha güclü model qurmalıyıq.
“Karvan-Yevlax” mənim üçün eyni dərəcədə doğmadır. Lakin hədəfimiz bu doğmalığın həm də nəticə ilə üst-üstə düşməsidir. Klubun adı, tarixi və potensialı ilə meydandakı performans arasında tam uyğunluq olmalıdır.
- AFFA ötən mövsüm "Karvan-Yevlax"a Premyer Liqada iştirak üçün müəyyəb şərtlərlə möhlət vermişdi. Sizcə, klub bu öhdəlikləri tam şəkildə yerinə yetirə bildi?
- Məsələni emosional yox, real qiymətləndiririk. Açıq deyim ki, komanda baxımından istədiyimiz səviyyəyə tam çata bilmədik. Bu, faktdır. Lakin infrastruktur və təşkilati tərəfdə üzərimizə düşən öhdəliklərin böyük hissəsini yerinə yetirmişik. Klubun maddi-texniki bazası ciddi şəkildə gücləndirildi. Müasir standartlara cavab verən iki baza formalaşdırıldı, dörd məşq meydançası istifadəyə verildi və uşaq futbolu üçün ayrıca sistem quruldu. Əsas stadionun süni örtüyə keçirilməsi strateji bir qərar idi. Məqsədimiz Yevlaxa və komandaya daha tez qayıdış imkanı yaratmaq idi. Hazırda UEFA və FIFA standartlarına uyğun, təbii ot örtüklü stadion və müasir tribuna kompleksi layihəsi icra mərhələsindədir. Təxminən 1500-dən çox tamaşaçı tutumu nəzərdə tutulur.
Bundan əlavə, Kür sahili istiqamətindəki bazamız təmir edilib və orada yeni meydança salınıb. Bu ərazi əsasən uşaq futbolu və akademiya sistemi üçün nəzərdə tutulub. Klubun gələcəyi üçün əsas baza artıq formalaşdırılıb. Öz üzərimizə düşən infrastruktur və təşkilati öhdəlikləri yerinə yetirsək də, idman uğuru tam istədiyimiz səviyyədə olmadı. Növbəti mərhələdə əsas fokusumuz məhz idman nəticələrinin gücləndirilməsi olacaq.
- Gündəm mövzulardan biri də Premyer Liqada komanda sayının artırılmasıdır. Sizcə, çempionatda 14 kollektivin iştirak etməsi Azərbaycan futboluna fayda verə bilərmi?
- Hesab edirəm ki, Premyer Liqada komanda sayının artırılması Azərbaycan futboluna ümumilikdə müsbət təsir göstərə bilər. Bu, həm rəqabəti artırar, həm də klublara daha geniş inkişaf imkanları yaradar. Bu mövsüm çempionatda istənilən komanda ilə oyunların daha gərgin və balanslı keçdiyini gördük. Hətta bir komanda ilə üç dəfə qarşılaşmaq formatı bəzən sistem baxımından suallar doğurur.
Ölkədə futbola göstərilən diqqət və qayğı yüksək səviyyədədir və bu, klublar üçün stimul yaradır. AFFA rəhbərliyinin də bu istiqamətdə maksimum çalışdığını müşahidə edirik.
Yenə də qeyd edirəm, 14 komandalı formatın faydalı olub-olmayacağı məsələsi peşəkar futbol mütəxəssisləri qiymətləndirilməlidirlər. Şəxsi fikrim isə odur ki, bu dəyişiklik ümumilikdə müsbət nəticə verə bilər.
- Bəzi müzakirələrdə region klublarının Bakıda oynaması tənqid olunur. "Karvan-Yevlax" isə doğma şəhərində oynamağa üstünlük verir. Sizcə, bu prinsip gələcəkdə klub üçün üstünlük olacaq, yoxsa çətinlik yarada bilər?
- Hər bir klubun öz doğma meydanında çıxış etməsi Azərbaycan futbolunun gələcəyi üçün çox vacibdir. Bəzi klubların Bakıda məskunlaşması müəyyən dövrlərdə məcburi ola bilər, lakin uzunmüddətli perspektivdə bu model futbolun inkişafına tam xidmət etmir.
Regionlarda futbolu yaşadan əsas faktor azarkeşdir. Komanda öz şəhərində oynamırsa, stadion boş qalır, emosional bağ zəifləyir və futbol öz ruhunu itirir. Azarkeşsiz futbol isə futbol deyil.
“Karvan-Yevlax” öz meydanına qayıtdıqdan sonra tamamilə başqa atmosfer formalaşdı. Bir klub hətta 500 azarkeşdə maraq yarada bilmirsə, bu, üzərində düşünülməli olan ciddi bir sualdır.
Futbol aşağıdan yuxarı — məktəb stadionlarından və kütləvi futboldan başlayaraq qurulmalıdır. Bizim prinsipimiz dəyişməzdir. “Karvan” Yevlaxda qalır, orada böyüyür və Yevlaxla yaşayır. Bu, uzunmüddətli inkişaf üçün yeganə düzgün yoldur.
- Siz xaricdə biznes qurub qazancını ölkəyə yatıran iş adamlarındansınız və müxtəlif ölkələrdə layihələriniz və otelləriniz var. Belə bir sual yaranır: “Karvan-Yevlax” gələcəkdə yenidən avrokubok səviyyəsinə yüksəlsə, klubun həm infrastruktur, həm də idarəetmə baxımından beynəlxalq səviyyədə – hətta xaricdə baza quracaq gücə sahib olduğunu deyə bilərikmi? Ümumiyyətlə, bir çox klublardan fərqli olaraq niyə Bakıda yox, məhz Yevlaxda qalmağa üstünlük verirsiniz?
- Biznes fəaliyyətim müxtəlif ölkələrdə davam etsə də, “Karvan-Yevlax” mənim üçün biznes layihəsi deyil. Bu, fərqli bir məsuliyyət və dəyərdir. Azərbaycan mənim Vətənimdir, Yevlax isə doğulduğum şəhərdir. 15 yaşına qədər orada yaşamışam və o şəhər mənim üçün mənəvi bağdır. Klubun orada qalmasını özümə bir borc kimi görürəm. Bu, kommersiya qərarı deyil. Futbol klubu saxlamaq çox vaxt gəlir yox, böyük xərc və məsuliyyət tələb edir. Amma mənim üçün əsas qazanc mənəvidir.
Yevlaxda yaşayan insanların sevinci, uşaqların futbola olan marağı ən böyük dəyərdir. “Karvan” gələcəkdə yenidən Avropa səviyyəsinə yüksəlsə, bu, bütöv Yevlaxın və Azərbaycan futbolunun uğuru olacaq. Nəticədən asılı olmayaraq, klub hər zaman Yevlaxda qalacaq və azarkeşlərinin qarşısında oynayacaq.
İLKİN SULTANLI