
MLS təmsilçisi “Kolombus Kru”nun transfer olunan Nəriman Axundzadənin müqavilə detalları maraq doğurur.
“Qarabağ”dan 2,5 milyon avro qarşılığında ABŞ klubuna transfer olunan hücumçunun sözləşmə şərtləri ilə bağlı sualları onun meneceri Tural Əsgərova ünvanladıq.
Müqavilədə xüsusi bəndlərin olub-olmaması, sərbəst qalmaq maddəsinin mövcudluğu maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı suallarımızı oyunçunun agenti Tural Əsgərova ünvanladıq. Tanınmış menecer Sport1.az-a açıqlamasında bunları söylədi:
“Xüsusi deyəndə nəyi nəzərdə tutduğunuzu tam anlaya bilmirəm. Başa düşdüyüm qədər elə bir xüsusi bənd, sərbəst qalmaq maddəsi də yoxdur. Yəni elə bir xüsusi mexanizm yoxdur ki, futbolçu rahat şəkildə transfer olunsun.
Gələcək karyera planlamasına gəlincə, bu, bir qədər çətindir. İndi çox şey Nərimanın “Kolombus”dakı çıxışından asılı olacaq. Orada uğurlu çıxış edərsə, yolumuz bir istiqamətdə davam edəcək. Allah eləməsin, istənilən kimi alınmasa, planları dəyişib yeni qərarlar verməli olacağıq”.
Menecerə müqavilədə bonusların nəzərdə tutulub-tutulmadığı barədə də sual ünvanladıq. Əsgərov bu məqama da münasibət bildirdi:
“Müqavilədə müxtəlif məsələlər nəzərdə tutulub. Bonuslar da var. Amma müqavilə şərtlərini açıqlaya bilmərəm. Bu, konfidensial məsələdir və detalları demək hüququm yoxdur. Onu deyə bilərəm ki, bəli, xeyli bonuslar var. Amma hansı şərtlərlə bağlıdır, bunu açıqlaya bilmərəm”.
ZƏFƏR HACILI