SON DƏQİQƏ
29 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüş keçirib.
Sport1.az xəbər verir ki, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələn su anbarında keçiriləcək tədbir barədə məlumat verilib.
Qeyd olunub ki, Füzuli “Mingəçevir Reqatası-2026”nın açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələn su anbarında avarçəkənlərin nümunəvi çıxışları və su şouları təşkil olunacaq. Uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq.
Füzuli sakinlərinə həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edəcək.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlardan sonra mübarizə sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.