SON DƏQİQƏ
Mahirə bu hərəkəti etdiyi üçün təşəkkür edirəm. Bu, fərqli mentalitetdə olsa da, illərdir başqa ölkələrdə yaşasa da, onun vətəninə, xalqına olan hörmətinin, sevgisinin göstəricisidir. Onsuz da hamımız Mahiri dövlətini sevən biri kimi tanıyırıq. “Legiya”da qol vuranda da əsgər salamı ilə diqqət çəkmişdi...
Mənə maraqlı olan yığmamızın Litva ilə oyunda qələbə qazana bilməməsinin Mahirin hərəkəti ilə ört-basdır edilməsidir. Yəni, Emrelinin hərəkəti milli və AFFA üçün xal qazandırmamalıdır.
Nə isə! Keçə oyuna!
Sizə gülməli gələ bilər, amma düşünürəm ki, Ayxan Abbasov Litva ilə oyunda uduzmamağı udmaqdan daha çox istəyirdi. Bunu uzun-uzadı izah edə bilərəm, lakin gərək yoxdur...
Ayxan Abbasova hörmətim sonsuzdur. Uda bilməmişik, canı sağ olsun! Santuş, De Byazi və s. məşqçilərə milyonlar xərcləyərək uğursuzluq əldə etməkdənsə, Ayxan Abbasovun yığmamızda işləməsi məqsədə daha uyğundur. Amma nəticə qazanmayandan sonra lazımsız bəhanələr edilməsin də!
Hörmətli Ayxan müəllim, milli komandaya baş məşqçi təyin olunanda bilirdiniz ki, əlinizdə maksimum 30-40 oyunçu var. Yetərli deyil? Bizim futbol təsərrüfatının hazırkı potensialı budur! Qəbul etmirsiniz? Onda milliləşdirmə edin! Heç ona da gərək yoxdur!
Yadınıza gəlirsə, “Şəfa” – “Sabah” matçından sonra demişdiniz ki, səndən yaxşı skaut olar. Azərbaycanda hansı oyuna gedirəmsə, qarşıma çıxırsan.
Ayxan müəllim, mən jurnalistəm! Yazmağı da, danışmağı da, oyunu təhlil etməyi də, hətta skautluğu da bacarmalıyam! Çünki bu, mənim işimdir!
İndi Azərbaycan futbolu naminə, sizin xətrinizə millidə oynamaq potensialı olan bir neçə futbolçunun siyahısını hazırlamışam ki, daha yaxşı nəticələr əldə etmək şansımız olsun!
1) Yəqin ki, Mert Çeliki tanıyırsınız? Hazırda “Sivasspor”da çıxış edir. 8 turun hamısında komandasına kömək edib. 3 görüşdə 90, ümumilikdə 471 dəqiqə meydana çıxıb. Bu qarşılaşmaların 5-də sağ, 1-də mərkəz müdafiəçisi, 2-də isə dayaq yarımmüdafiəçisi kimi çıxış edib. Azərbaycan millisinin də üzvüdür.
2) Samet Karakoçu tanımamış olmazsınız! Hazırda “Antalyaspor”da çıxış edir. 8 turun hamısında komandasına kömək edib. 7 görüşdə 90, ümumilikdə 675 dəqiqə meydanda olub. Bu qarşılaşmaların 6-da mərkəz, 2-də isə sol cinah müdafiəçisi kimi çıxış edib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olub.
3) Emre Kaplanı unutmuş ola bilərsiniz! Hazırda “Bodrum”da çıxış edir. 8 turun hamısında komandasına kömək edib. 5 görüşdə 90, ümumilikdə 635 dəqiqə meydanda olub. Bu qarşılaşmaların hamısında sol cinah müdafiəçisi kimi oynayıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olub.
4) Sadiq Bağıyevi çox yaxşı tanıyırsınız. Hazırda “SKA-Xabarovsk”da icarə əsasında çıxış edir. “Torpedo”nun (Moskva) üzvüdür. 13 turda 11 qarşılaşmada komandasına kömək edib. Bu görüşlərin 4-də 90, ümumilikdə 655 dəqiqə meydanda olub. 7 matçda dayaq, 3-də mərkəz yarımmüdafiəçisi, 1-də pleymeyker kimi çıxış edib. Sizin baş məşqçi olduğunuz dövrdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olub.
Yuxarıda qeyd etdiyim oyunçuları milliləşdirməyə gərək yoxdur. Axı AFFA rəhbərliyi, İlqar Qurbanov və siz bu yola əl atmaq istəmirsiniz. Amma Lorenzo Mezzotero əsas millinin diqqətində olacaq, Mustafa Kamara da gələcəkdə yığmaya fayda verəcək? Görürsünüz ki, dediyinizlə etdiyiniz üst-üstə düşmür?
Nə isə! Davam edək!
Tacikistanla oyundan öncə konfransda deyirsiniz ki, millinin baş məşqçisi olaraq oyunçuların durumları ilə yerində maraqlanmaq mənim işimdir. Qurban sizə, tanıdığımız, bildiyimiz Mahiri 2 dəfə izləməkdənsə, İlqar Qurbanovu da yanınıza alaraq 1 həftəlik Türkiyəyə, 2 günlük Rusiyaya gedib yuxarıda qeyd etdiyim futbolçulara da gözucu baxsaydınız, olmazdı?!
Vallah, axtarsam, nə qədər oyunçu taparam. Amma boşuna vaxt xərcləmiş olacağam. Onsuz da sizin düşüncənizdə milliyə layiq olan futbolçuları yığmaya dəvət edirsiniz. Onda niyə mənasız yerə şikayət edirsiniz?
Özümə söz vermişdim ki, Millətlər Liqası ərəfəsində yığmanı tənqid etməyəcəyəm, dəstək olacağam. Amma lüzumsuz açıqlamalar verib ətimizi tökməyin də!
Yenə deyirəm, Litvanı uda bilmədiniz, canınız sağ olsun! Amma milli komanda “Şamaxı”, “Turan Tovuz” deyil ki, çatışmazlıqları sadalayıb baş qatasınız!
Mən şəxsən sizə inanıram! Amma siz hələ ki, ümidimi puç edirsiniz!