son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 25-09-2026, 19:19

19 sentyabr 2026-cı ildə Misli Premyer Liqasının VI turunda keçirilən “Sabah” – “İmişli” oyunundan sonra AFFA İntizam Komitəsinin açıqladığı cəza ciddi suallar doğurub.

Qərara əsasən, 90+1-ci dəqiqədə “İmişli”nin 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona 4 oyunluq cəza verilib, “İmişli” isə 10 000 manat cərimələnib.

Bu rəqəmi ilk görəndə adam istər-istəməz düşünür. Görəsən, bir sıfır artıq yazılmayıb? Yox, məbləğ doğrudan da belədir.

Bir futbolçunun hərəkətinə görə bu qədər ağır cəza artıq təkcə intizam məsələsi deyil. Burada daha geniş problem ortaya çıxır. Qaydaları tətbiq edən şəxslərin məsuliyyəti necə müəyyənləşir?

Hər tur hakim qərarlarından narazılıq eşidirik. Bəs ciddi səhvlərə yol verən referilər üçün hansı mexanizm işləyir? Bir yanlış qərar komandanın nəticəsinə, reytinqinə, avrokubok şansına və maliyyəsinə təsir göstərə bilər. Bunun cəzası nə olur?

Söhbət konkret hansısa şəxsi hədəfə almaqdan getmir. Məsələ qaydaların hamıya eyni tətbiq edilməsidir. Futbolçuya və komandaya verilən cəza açıq şəkildə elan olunursa, təsdiqlənmiş hakim səhvlərinin nəticəsi də ictimaiyyətə bildirilməlidir. Əks halda ədalətdən danışmaq çətinləşir.

Son dövrlərdə müstəqil klub rəhbərlərinin futbol idarəçiliyi ilə münasibətləri barədə də suallar artır. Baş katib Cahangir Fərəcullayevə ünvanlanan əsas suallardan biri budur. Müstəqil prezidentlərdən nə gözlənilir? Onlar yalnız razılaşmalı, susmalı və qərarları qəbul etməlidirlər?

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin futbol idarəçiliyi ilə bağlı səsləndirdiyi narazılıqlar da cavabsız qalmamalıdır. “İmişli”nin qarşılaşdığı son hadisə də eyni yanaşmanın müzakirəyə çıxarılmasına səbəb olur. Məhdud maliyyə imkanları olan bir kollektivin 10 000 manatlıq cərimə ilə üzləşməsi büdcəyə ciddi təsir göstərə bilər.

Klub prezidentləri sponsor tapır, vəsait ayırır, bölgələrdə futbolu yaşadırlar. Onları bu işdən soyudan mühit yaranarsa, itki yalnız bir şəxslə məhdudlaşmayacaq. Bundan şəhər, komanda və ümumi futbol təsərrüfatı zərər görəcək.

Klub rəhbərinin hakimi, federasiyanı və ya idarəçiliyi tənqid etməsi onu avtomatik olaraq “problemli” şəxsə çevirməməlidir. Fərqli fikrin səslənməsi normaldır.

Belə şəxslərdən yalnız susmaq və hər qərarla razılaşmaq gözlənilirsə, zahirən sakit görünən, amma daxilində narazılıq toplayan bir mühit yaranır. Bu isə sağlam futbol idarəçiliyinin göstəricisi deyil. Sizə belə bir mühit lazımdırsa, bütün komandalara öz dostlarınızı prezident təyin edin. Bu məsələdə təcrübəniz hər kəsə bəllidir...

Cahangir Fərəcullayevin qarşısında duran əsas vəzifə şəxsi münasibətləri kənara qoyaraq bütün iştirakçılara eyni yanaşmanı təmin etməkdir. Dostluq və tanışlıq yox, qaydalar əsas meyar olmalıdır.

Sponsor gətirmək onsuz da asan deyil. Pulunu yatıran şəxs sabit və etibarlı mühit gözləyir. Davamlı qarşıdurmalar, mübahisəli qərarlar və narazılıqlar isə bu etimadı zəiflədə bilər. Ona görə də söhbət yalnız yeni sponsor tapmaqdan getmir. Mövcud tərəfdaşların inamını qorumaq da vacibdir.

Futbolçu təhqir edirsə, cəza almalıdır. Qayda pozulursa, tədbir görülməlidir. Hakim və ya başqa futbol rəsmisi ciddi pozuntuya yol verirsə, onun da cavabı olmalıdır. 10 000 manat bu baxımdan sadəcə rəqəm deyil. Ortaya daha ciddi problem çıxır. Klubların hüquqları, referilərin məsuliyyəti və rəhbərliyin cavabdehliyi arasında balans haradadır?

Futbolu inkişaf etdirmək istəyiriksə, klub prezidentlərini uzaqlaşdırmaq yox, onları tərəfdaşa çevirmək lazımdır. Tənqidə qadağa qoymaq yox, ona cavab vermək lazımdır. Narazılığı cəza ilə deyil, dialoqla azaltmaq lazımdır.

P.S. Bütün günahları hakimlərin üzərinə atmağın tərəfdarı deyilik. Bir oyunda yox, bütün liqalarda eyni problemlər təkrarlanırsa, məsələ ayrı-ayrı referilərdən daha böyükdür.

Dünyaca məşhur Frank De Blekeri göndərib, əvəzində ofsaydın nə olduğunu gəlib AFFA-da öyrənən dost Bəhruz Teymurovu hakimlər departamentinin başına gətirirsinizsə, 10 000 manatlıq cərimə ilə ədalət yaratmaq onsuz da çətin olacaq.

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR