"Zirə" Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"a məğlub olub - 0:1.
Sport1.az xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm".
- Oyunun sonunda nə baş verdi?
- Ciddi bir şey yox idi.
- Sanki sizi təxribata çəkirdilər...
- Ola bilər.
- Amin Seydiyevə etdiyi qayda pozuntusuna görə irad bildirəcəksiniz?
- Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub.
- Bu gün "Zirə" uduzdu, yoxsa uduzdurdular?
- Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar.
- "Zirə" bu gün hücumda aktiv görünmürdü. Bunun səbəbi nədir?
- "Turan Tovuz"a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi "Turan Tovuz"un oyun fəlsəfəsi idi.
- Həm azarkeşlər, həm də rəqib oyunçular tərəfindən "Turan Tovuz"a qarşı aqressiya var idi. Bu, "Turan Tovuz"un yerinə avrokuboklara "Zirə"nin getməsi ilə bağlı ola bilər?
- Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşlər deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya "Azersun Arena"da "Turan Tovuz"a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm "Turan Tovuz"da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm.