Bolqarıstanda boksçular arasında keçirilən Avropa Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb.
Boksçumuz hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27).
O, ikinci cəhdində - sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.
Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb.
Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub - 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27).
Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək.
Görüş sentyabrın 20-nə təsadüf edəcək.
Yarışa sentyabrın 25-də yekun vurulacaq.