"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Minsk, Belarus) ilə qarşılaşdı.
İki oyunun nəticəsinə əsasən, təmsilçimiz avrokuboklarda mübarizəni dayandırdı (2:4, 1:0).
Görəsən, "ağ-qaralar"ın Bolqarıstanda hesabı bərabərləşdirməsi və qələbə qolu vuraraq növbəti mərhələyə adlaması üçün nə çatmadı?
Komandanın avrokuboklardan kənarda qalmasının əsas səbəbkarı futbolçulardır, yoxsa baş məşqçi Yuri Vernidub?
Suallarımızı Azərbaycan millisinin sabiq üzvü Bəxtiyar Musayevə ünvanladıq.
Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında paytaxt klubunun rəqibindən üstün oynadığını bildirdi:
"Hər üç komandamız növbəti mərhələyə adlamaq şansını qaçırdı. Düşünürəm ki, dünən "Neftçi"də ikinci qolu vurmaq üçün bir az özünəinam çatmadı.
İlk oyunda irəli atılmışdılar və əks-hücumlarda qollar buraxmışdılar. Bu dəfə də həmin qorxu hissi var idi. Buna görə də ikinci qolu vurmaq üçün böyük qüvvə ilə irəli atılmadılar.
Lakin hər şey yaxşı başlamışdı. Hesabı erkən açdılar. Rəqib də münasib idi. Lakin birinci qoldan sonra daha ehtiyatlı oynamağa başladılar. Bu da komandamızın fərqi artırmasında çətinlik yaratdı.
Sonlara yaxın təzyiqi bir az artırmaq istədilər, amma bu da alınmadı. Düşünürəm ki, birinci qoldan sonra bir az daha riskli oynamaq, daha rəngarəng hücumlar qurmaq lazım idi.
Ancaq ilk oyundakı o qorxu hissi, rəqibin əks-hücumları və buraxılan qollar futbolçuları ehtiyatlı olmağa vadar etdi. Bu da ikinci qolun vurulmamasına təsir göstərdi.
Təəssüf ki, "Neftçi" mərhələni keçə bilmədi. Çox üzücü oldu. Hamımız büyük ümidlərlə gözləyirdik ki, "Neftçi" avrokuboklarda çıxış edəcək. Təəssüf ki, bu baş vermədi".
Veteran futbolçu Yuri Vernidubun komandasının mərhələni keçməyə borclu olduğunu söylədi:
"Komanda məğlub olubsa, burada hər kəsin payına düşən məsuliyyət var. Məncə, uğursuzluğu konkret kiminsə üstünə atmaq doğru olmazdı.
Rəqib münasib idi. "Neftçi"dən güclü deyildi. Onlar hər iki oyunda üstün tərəf idi. Çünki təmsilçimiz rəqibdən daha güclü komandadır. Sadəcə, bir qədər bəxtləri gətirmədi.
Qarşı tərəf çempionat matçları keçirdiyi üçün "Neftçi" ilə müqayisədə daha hazırlıqlı idi. "Ağ-qaralar" isə mövsümə yeni başlayıb. Bəlkə də, bu oyun bir ay sonra olsaydı, təmsilçimiz hər iki matçda inamlı qələbə qazana bilərdi. Amma təəssüf ki, bu gün alınmadı.
Komanda tam hazır olmasa da, bu rəqibi keçmək "Neftçi"nin adına layiq nəticə olardı. Hətta deyərdim ki, komanda bunu etməyə borclu idi.
Yenə də konkret kimisə günahlandırmaq düzgün deyil. Baş məşqçi keçən il yaxşı işlər görüb, indi yaşanan uğursuzluğa görə hər şeyi onun üstünə yıxmaq olmaz. Komanda uduzubsa, həmişə olduğu kimi, bu məğlubiyyətdə hər kəsin az da olsa payı var".
Musayevin "Neftçi"ni hər zaman diqqət mərkəzində olan klub adlandırdı:
"Məğlubiyyət həmişə komandaya mənfi təsir göstərir. Ümid edək ki, "Neftçi" tez bir zamanda toparlanar və Premyer Liqada parlaq çıxışı ilə azarkeşləri sevindirər.
Çünki "Neftçi" hər zaman diqqət mərkəzində olan klubdur və onun uğurlu çıxışı çempionatımızın ümumi səviyyəsinə də təsir edir.
Rəqabət artır və bundan yalnız Azərbaycan futbolu qazanır.
Komandaya bir sıra yeni oyunçular cəlb edilib, lakin düşünürəm ki, heyəti daha da gücləndirmək üçün əlavə transferlərə ehtiyac var. Əgər təmsilçimiz çempionluq uğrunda mübarizə aparırsa, mövcud heyət bunun üçün tam yetərli deyil.
Kollektiv tezliklə ağır məğlubiyyətin psixoloji təsirindən çıxmalı və çempionata fokuslanmalıdır. Ümid edirik ki, bu mövsüm təmsilçimiz rəngarəng oyun nümayiş etdirərək çempionluq yarışına iddialı şəkildə qoşular.
Yeni gələn futbolçular hələ özlərini tam göstərə bilməyiblər. Bu səbəbdən komandadaxili rəqabəti artırmaq və heyəti gücləndirmək "Neftçi" üçün vacib şərtdir".