Bu gün "İmişli"nin yeni loqosunun təqdimat mərasimi keçirilib.
Sport1.az xəbər verir ki, tədbirdən sonra klubun icraçı direktoru Aqşin Mürsəlov və baş məşqçi Fərid Namazov jurnalistlərin suallarını cavablandırıblar.
Niyə məhz Jorj Kaşkilya ilə əməkdaşlıq davam etdirilmədi? Komanda yeni mövsümdə harada ev oyunlarını keçirəcək?
- Jorj Kaşkilya ilə bağlı çox sual verilib. Onunla müəyyən fikir ayrılıqlarımız yarandı. Bununla belə, qarşımıza qoyduğumuz məqsədə nail olduq. Hesab etdik ki, bu mərhələdə yerli baş məşqçi ilə işləmək klub üçün daha faydalı olacaq. Ümumi qərarımız da bu istiqamətdə oldu.
Sabah Peşəkar Futbol Liqası bu məsələ ilə bağlı rəsmi açıqlama verəcək. Yevlax şəhər stadionu Premyer Liqanın tələblərinə cavab verir. Bununla yanaşı, müəyyən çətinliklər var və xüsusilə mövsümün əvvəlində bunlar hiss olunacaq. İmişlidəki stadionla bağlı hələ də razılıq əldə edə bilməmişik. Bununla bağlı müvafiq qurumlara müraciətlər etmişik və proses davam edir. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək (Aqşin Mürsəlov).
"İmişli"yə niyə doğma stadionunda oynamaq imkanı yaradılmır?
- Bu suala konkret cavab vermək çətindir. Gizlədiləsi heç nə yoxdur. İmişlidə yerləşən stadionun inzibati binası MKT şirkətinə məxsusdur. Şirkətlə münasibətlərimiz normaldır. Sadəcə, obyektin hüquqi statusu ilə bağlı müəyyən qeyri-müəyyənliklər var və bu səbəbdən ortaq məxrəcə gələ bilmirik. Bəzi rayonlarda stadionlar simvolik məbləğ qarşılığında klubların istifadəsinə verilib. Biz də yaranmış vəziyyətlə bağlı İcra Hakimiyyətinə və Gənclər və İdman Nazirliyinə müraciət etmişik. Öz üzərimizə düşən bütün addımları atmışıq. Qubada çıxış etdiyimiz dövrdə böyük azarkeş bazamız olmasa da, bilet satışı kifayət qədər yaxşı idi. Biletlərin qiyməti 1 manat idi və ən aşağı göstəricidə belə 2 min bilet satılırdı. Yəni məsələnin iqtisadi tərəfini də nəzərə almışıq. Bununla bağlı həm FIFA-ya, həm də AFFA-ya dəfələrlə müraciət etmişik. Doğma şəhərimizdə oynaya bilməməyimiz bizi də məyus edir (Aqşin Mürsəlov)
Yeni stadion üçün torpaq sahəsinin ayrılması məsələsi gündəmdən çıxıb?
- Hazırda əsas prioritetimiz mövcud stadionlardan birində oynamaqdır. AFFA nümayəndələri də vəziyyətlə yerində tanış olublar. Problem qısa müddətdə həll olunmadığı üçün gözləmək istəmirik. Buna görə də alternativ stadionları nəzərdən keçiririk. Məqsədimiz 5-10 min tamaşaçı tutumuna malik arenada ev oyunlarımızı keçirməkdir (Aqşin Mürsəlov).
Növbəti mövsüm üçün klubun əsas hədəfi nədir?
- Əvvəllər hədəflərimizi açıqlayanda bəziləri buna istehza ilə yanaşırdı. Amma hesab edirəm ki, məqsəd nə qədər böyük olarsa, ona çatmaq ehtimalı da bir o qədər yüksək olar. Ötən mövsüm qarşımıza qoyduğumuz məqsədə böyük ölçüdə çatdıq. Bu mövsüm isə əsas hədəfimiz Premyer Liqada ilk altılıqda qərarlaşmaqdır. Hazırkı plana əsasən, ev oyunlarımızı Yevlax şəhər stadionunda keçirəcəyik. PFL-in bu məsələ ilə bağlı yekun qərarına uyğun hərəkət edəcəyik (Aqşin Mürsəlov).
Premyer Liqaya yüksəldikdən sonra Fərid Namazovu yenidən baş məşqçi postuna qaytarmağınızın səbəbi nə oldu?
- Maraqlı sualdır. Premyer Liqada yalnız komanda deyil, klub olaraq biz də yeniyik. Müəyyən təcrübəyə ehtiyac duyurduq. Vaxtilə Jorj Kaşkilyanı dəvət edəndə də tənqid olunmuşduq. Lakin seçimimiz özünü doğrultdu. İnanıram ki, bu dəfə də düzgün qərar vermişik. Fərid müəllim artıq UEFA Pro kateqoriyalı məşqçidir və onunla münasibətlərimiz hər zaman davam edib (Aqşin Mürsəlov).
Premyer Liqada möhkəmlənmək üçün komandanın əsas üstünlüyü nə olmalıdır?
Ötən mövsüm aşağı pillələrdə qərarlaşan komandaların son tura qədər mübarizə apardığını gördük. Biz heyəti formalaşdırarkən əsas üstünlüyü yerli futbolçulara verəcəyik. Təbii ki, komandaya legionerlər də cəlb olunacaq. Açığı, ötən mövsüm bizimlə çıxış edən bəzi əcnəbi futbolçularla əməkdaşlığı davam etdirmək istərdim. Əsas məqsədimiz mövcud heyətin nüvəsini qorumaqdır. Milli komandada işlədiyim dövrdə də görmüşəm ki, futbolçu davamlı oyun praktikası qazanmadıqda inkişafı ləngiyir. Buna görə də yerli futbolçuların daha çox şans qazanmasına çalışacağıq (Fərid Namazov).
Son vaxtlar klubun media ilə münasibətlərində müsbət dəyişiklik hiss olunur. Buna nə səbəb oldu?
- Bunun üçün Leyla xanıma təşəkkür edirəm. Klub yeni formalaşdığı dövrdə bəzi məsələləri emosional qəbul edirdik. Sonradan başa düşdük ki, media da klubun inkişafını istəyir və tənqidlər də bunun üçündür. Əlbəttə, gələcəkdə də səhvlərimiz olacaq və onları izah etməli olacağıq. İnkişaf məhz bu prosesdən keçir (Aqşin Mürsəlov).
Bir illik fasilədən sonra yenidən baş məşqçi kimi etimad qazandınız. Bu, üzərinizdə əlavə təzyiq yaradırmı?
- Təbii ki, ötən mövsüm müxtəlif danışıqlar aparılırdı. Futbolda belə proseslər tam normaldır. Mən neqativ düşünmək istəmirəm. Futbolda nəticə əsas meyardır: qalib gələndə hər şey yaxşı görünür, məğlub olanda isə bütün məsuliyyət məşqçinin üzərinə düşür. Mən daha çox pozitiv düşünməyə çalışıram. Klubumuz da gəncdir və bu, hamımız üçün yeni çağırışdır. Təzyiqin olması təbiidir. Əsas məsələ onun öhdəsindən gəlmək və uğura doğru addımlamaqdır (Fərid Namazov).
RÖVŞƏN ƏLİSOY