Misli Premyer Liqasında mübarizə aparan "İmişli" yeni loqosunun rəsmi təqdimatını keçirib.
Sport1.az xəbər verir ki, "Holiday Inn Baku" hotelində təşkil olunan tədbir çərçivəsində klubun gələcək planları və inkişaf strategiyasına həsr olunmuş mətbuat konfransı da baş tutub.
Tədbirdə klubun icraçı direktoru Aqşin Mürsəlov, Peşəkar Futbol Liqasının (PFL) idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və komandanın baş məşqçisi Fərid Namazov çıxış edərək fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıblar.
Klubun icraçı direktoru Aqşin Mürsəlov çıxışında qonaqları salamlayaraq Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.
O bildirib ki, "İmişli" 2022-ci ildə yaradılıb və qısa müddətdə inkişaf yolu keçərək Misli Premyer Liqasına vəsiqə qazanıb:
"Klubumuz 2022-ci ildə yaranıb. İlk mövsüm istədiyimiz nəticəni əldə edə bilmədik. Növbəti iki mövsümdə müvafiq olaraq dördüncü və üçüncü yerləri tutduq. Nəhayət, Premyer Liqaya yüksəlməyi bacardıq".
Mürsəlov yeni loqonun konsepsiyası barədə də məlumat verib:
"Loqoda yer alan pələng gücü və iradəni, qalxan müdafiəni və birliyi, göy rəng Araz çayını və onun dərinliyini, qızılı rəng isə məhsuldarlığı və dəyəri simvolizə edir. Dizayn minimalist yanaşma əsasında hazırlanıb və məqsəd yaddaqalan vizual kimlik formalaşdırmaqdır. Loqodakı "22" rəqəmi isə klubun yaradıldığı 2022-ci ili ifadə edir".
PFL-in idman direktoru Elgiz Abbasov çıxışında Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək bildirib ki, media futbolun inkişafında mühüm rol oynayır.
O, "İmişli"nin son illərdə əhəmiyyətli inkişaf yolu keçdiyini vurğulayıb:
"Klub I Liqada çıxış etdiyi dövrdən bəri ciddi inkişaf edib. Futbol dəyərlər üzərində qurulur və "İmişli" hər zaman yeniliklərə açıq olub. Yeni loqonun təqdimatı da bunun göstəricisidir. Loqonun hazırlanması kifayət qədər mürəkkəb prosesdir və bəzən ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Yeni mövsümdə 'İmişli'yə uğurlar arzulayıram".
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev isə bildirib ki, klubun brend yenilənməsi peşəkar inkişafın tərkib hissəsidir:
"Belə təşəbbüsləri görmək sevindiricidir. Loqo ilə bağlı fərqli fikirlər ola bilər və bu, normaldır. Loqo kiminsə zövqünü oxşamaq üçün deyil, klubun strateji yenilənməsini ifadə etmək üçün hazırlanır. 'İmişli'yə qarşıdakı hədəflərinə çatmaq yolunda uğurlar arzulayıram".
Komandanın baş məşqçisi Fərid Namazov isə "İmişli"nin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Bu klub gözümüzün önündə formalaşıb və inkişaf edib. Mənə göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm. Qarşıdakı mövsümdə yaxşı nəticələr əldə etməyə çalışacağıq. Əsas məsələ loqonun görünüşü deyil, onun uğrunda görülən iş və sərf olunan zəhmətdir".
RÖVŞƏN ƏLİSOY