
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.
Sport1.az xəbər verir ki, yığmanın baş məşqçisi Ruy Jorje toplanışla bağlı jurnalistlərin suallarını cavablandırıb.
– Toplanış necə keçir?
– Keyfiyyətli məşqlər keçirik. Futbolçulardan istədiyimiz reaksiyanı ala bilirik. Ümumilikdə iki həftəlik hazırlıq prosesindən razıyam.
– Niyə yoxlama oyunu keçirilmədi?
– Futbolçuları daha yaxından tanımaq istəyirdim. İlk yoxlama oyunundan əvvəl səviyyəmizi düzgün qiymətləndirmək üçün belə qərar verdik.
– Milli komanda ilə ilk təəssüratlarınız necədir?
– Futbolçuların yanaşmasından məmnunam. Onlar çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uyğun gəlirlər. Öyrənməyə və inkişaf etməyə açıqdırlar.
– Hansı oyun fəlsəfəsini tətbiq edəcəksiniz?
– Hazırda bunu dəqiq demək çətindir. Təbii ki, hamı hücumameyilli futbol görmək istəyir. Biz də bu istiqamətdə gedəcəyik, amma bunun üçün daha çox keyfiyyət və məşq lazımdır.
– Qarşıdakı toplanışlarda yoxlama oyunları olacaq?
– Bəli, olacaq. Böyük ehtimalla xarici milli komandaya qarşı oynayacağıq.
– Heyəti seçərkən yerli məşqçilərlə məsləhətləşmisiniz?
– Bu yaş qrupunda əvvəl milliyə dəvət olunmuş futbolçulardır. Onların son oyunlarını da izləmişik və seçimləri buna əsasən etmişik.
– Sizdən əvvəl bu komandada tanınmış məşqçilər işləsə də uğur olmayıb. Şansınızı necə görürsünüz?
– Keçmiş barədə danışmaq istəmirəm. Mənim məqsədim futbolçuların səviyyəsini artırmaqdır. Gələcəyə fokuslanmışıq və ölkəni fəxr etdirəcək komanda qurmaq istəyirik. Nəticə də gördüyümüz işin sonu olacaq.
– 2027 U-20 Dünya Çempionatı ilə bağlı fikriniz nədir?
– Ev sahibi kimi iştirak edəcəyik. Digər komandalarla aramızda fərq var, bunu azaltmaq üçün çox işləməliyik.
– Qəbələdəki şərait sizi qane edirmi?
– Bəli, çox razıyam. Bizim üçün ideal şərait yaradılıb. Hər yerdə qonaqpərvərlik hiss olunur. Hamıya təşəkkür edirəm.