
Azərbaycanın U-20 milli komandası hazırda Qəbələdə təlim-məşq toplanışı keçir.
Sport1.az-ın məlumatına görə, bölgədə olan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
– U-20 yığmanın hazırkı toplanışı ilə bağlı nə deyə bilərsiniz?
– Komanda aprelin 13-dən etibarən bir araya gəlib və sabah bu mərhələ yekunlaşacaq. Toplanış müddətində iki futbolçu zədə ilə üzləşdi. Onlardan biri əvvəldən problemli idi və əvəzinə yeni oyunçu cəlb olundu. Digər futbolçu isə məhz məşqlər zamanı zədələndi. Ümumilikdə hazırlıq prosesi davam edir və düşünürük ki, bu mərhələ növbəti planlar üçün də faydalı olacaq.
– Növbəti təlim-məşq toplanışının yeri və vaxtı barədə nə planlaşdırılır?
– Gələn toplanış may ayının sonlarına təsadüf edəcək və təxminən iki həftə davam edəcək. Yenə də Qəbələdə keçirilməsi nəzərdə tutulur. Bu dəfə yoxlama oyunları olmadı, bu da məşqçilər heyətinin qərarı idi. Daha çox futbolçuları yaxından tanımaq məqsədi daşıyırdı. Növbəti toplanışda isə yoldaşlıq görüşlərinin keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərlə bağlı konkret qərar yoxdur – yerli və ya xarici komanda ilə oynanılacağına məşqçilər korpusu qərar verəcək.
– U-20 Dünya Çempionatına hazırlıq hansı vəziyyətdədir?
– Hazırlıq prosesi davam edir və bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. FİFA da bütün mərhələləri birbaşa izləyir. Eyni zamanda Özbəkistandan olan tərəfdaşlarımızla da sıx əlaqədəyik. İşlər həftəlik plan üzrə aparılır. Açılış və bağlanış mərasimləri ilə bağlı hələlik dəqiq detallar yoxdur. Çempionatın keçirilmə vaxtı isə təxminən 2027-ci ilin sentyabr ortalarından oktyabrın əvvəlinə qədər olan dövrə düşəcək. Yaxın vaxtlarda tarixlər, püşkatma və digər məsələlərlə bağlı daha konkret məlumat veriləcək.
– Futbolçuların oyun praktikasını artırmaq üçün hansı addımlar atılacaq? I Liqada bir klubun baza kimi istifadə olunması mümkündürmü?
– Belə bir plan gündəmdə deyil və nəzərdə tutulmur. U-20 komandası ay ərzində iki həftəlik hazırlıq mərhələləri keçəcək. Futbolçuların bir hissəsi Əvəzedicilər Liqasında, digərləri isə Gənclər Liqasında çıxış edir. Bu səbəbdən həm PFL, həm də aidiyyəti departamentlərlə müzakirələr apararaq müəyyən çempionatların gedişinə müdaxilə etdik və onları müvəqqəti dayandırdıq. Bu addım zəruri idi ki, klublar çətin vəziyyətə düşməsin. Gələcəkdə bu istiqamətdə bəzi dəyişikliklər ola bilər. Əvəzedicilər Liqasının ləğvi məsələsi hələ müzakirə olunur və yekun qərar verilməyib. Lakin hətta ləğv olunmasa belə, formatda dəyişiklik ehtimalı böyükdür. Bu həm Əvəzedicilər, həm də Gənclər Liqasına aid ola bilər. Məşqçilər heyəti artıq 17 aylıq hazırlıq planını təqdim edib və hansı tarixlərdə məşqlərin keçiriləcəyi bəllidir. Yəni komandanın harada və necə hazırlaşacağı tam aydındır. Bildiyiniz kimi, U-20 yığmanın dünya çempionatında iştirakı bizim üçün əsas prioritetdir. Biz də çalışacağıq ki, digər liqaların təqvimi bu hazırlıq prosesinə uyğunlaşdırılsın. Ona görə də müəyyən dəyişikliklər qaçılmaz görünür. Əsas məqsədimiz isə turnirdə sadəcə iştirak edən komanda kimi qalmaq deyil. İstəyirik ki, yığmamız yadda qalan çıxış etsin, mübarizə aparsın və asanlıqla məğlub olmasın. Reallığı da nəzərə almalıyıq – bu, dünya çempionatıdır və iştirak edəcək komandalar çox güclüdür. Əvvəlki turnirlərə baxdıqda bunu aydın görmək olur. Bu yaş kateqoriyasında çıxış edən futbolçular artıq peşəkar səviyyədə oynayan, böyük klublarla müqaviləsi olan oyunçulardır. Biz də bütün bunları nəzərə alaraq komandanın rəqabətədavamlı olmasına çalışırıq.
– Təqvim, şəhərlər və digər təşkilati məsələlərlə bağlı nə vaxt dəqiqlik olacaq?
– Konkret tarix demək istəməzdim ki, yanlış olmasın. Amma ilkin gözləntilərə görə, yayda keçiriləcək əsas dünya çempionatından sonra – təxminən iyul-avqust aylarında bu məsələlərə daha çox aydınlıq gələcək.