
"Sport1 TV"də yayımlanan "Ötürmə" verilişində gənc futbolçular və milli komandanın aşağı yaş qruplarındakı seçim prinsiplərinə də toxunulub.
Proqramın eksperti Kamal Bayramov diqqətçəkən məqamı tamaşaçılarla bölüşüb. Mütəxəssis bildirib ki, ötən mövsüm “Qarabağ”ın U-14 komandasında çıxış edən Ramil Əmirquliyev liqada ən yaxşı oyunçu seçilsə də, U-15 millisinə dəvət almayıb. Bu qərar futbol ictimaiyyətində suallar yaradıb.
Məsələ ilə bağlı futbolçunun atası, Azərbaycan millisinin sabiq kapitanı, hazırda “Şahdağ Qusar” klubunun prezidenti olan Rahid Əmirquliyev də münasibət bildirdi. Veteran yarımmüdafiəçi Sport1.az-a açıqlamasında seçim meyarlarının aydın şəkildə izah edilməsinin vacibliyini vurğuladı:
“Oğlum ötən mövsüm liqanın ən yaxşı oyunçusu oldu. Amma U-15 millinin heyətinə çağırılmadı. Səbəbini dəqiq bilmirəm. Nə üçün belə qərar verildiyini başa düşmək çətindir.
Millinin baş məşqçisi Aqil Nəbiyev üç fərqli yaş kateqoriyasına rəhbərlik edir. Azərbaycanda məşqçi çatışmazlığı var? Bir nəfər eyni anda həm planlama aparmalı, həm analiz etməli, həm də müxtəlif yaş qruplarını izləməlidir – bu, nə dərəcədə mümkündür?
Mən oğlumun hər oyununa gedirəm, amma indiyədək baş məşqçinin gəlib matçı izlədiyini görməmişəm. Onu da deyim ki, mən “mənim oğlumdur, mütləq oynamalıdır” fikrinin tərəfdarı deyiləm. Heç vaxt tanışlığa, dostluğa görə kiminsə üstünlük qazanmasını istəməmişəm. Seçim meyarlarının şəffaf olmasını istəyirəm”.
NİHAT KƏRİMLİ