
“Qarabağ”ın transfer etmək istədiyi növbəti oyunçunun adı bəlli olub.
Sport1.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu braziliyalı hücumçu Derik Lakerdanı yaxından izləyir. Hazırda “Kuyaba”ya məxsus olan futbolçu 26 yaşındadır. Əsas mövqeyi mərkəz hücumçusu olan Lakerda ehtiyac yarandıqda sol cinahda və “10 nömrə” rolunda da oynaya bilir. O, 191 sm boya malikdir.
Cənubi amerikalı forvardın transfer dəyəri 1,5 milyon avro qiymətləndirilir. Oyunçunun xidmətində “İnternasional”ın da maraqlı olduğu vurğulanır ki, bu da mümkün keçid zamanı rəqabəti artıra bilər.
Futbolçunun hazırkı müqaviləsi 2024-cü ildə imzalanıb və 31 dekabr 2028-ci ilə qədər qüvvədədir. Sambaçı karyerası ərzində 217 rəsmi matça çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə edib.
Maraq üçün bildirək ki, Derik Lakerda instaqram hesabında "Qarabağ" və Mateus Silvanı izləyir.
NİHAT KƏRİMLİ