SON DƏQİQƏ
Ölkə futbolunda qalmaqallı hadisələr səngimək bilmir.
Belə məsələlərdə "Neftçi"nin adının daha çox hallanması təəssüf doğurur. 28 milyon manat büdcə ilə əsas komanda avrokuboklara vəsiqə qazana bilmədi. Əvəzedicilər son turda çempionluğu əldən verdi. Gənclər Liqasında 33 turdan sonra komanda 4-cü pillədə qərarlaşıb. U-17-də liderdilər. U-16-da finala vəsiqə qazanıblar. Rəqibləri "Qarabağ"dır. U-15-də üçüncülük görüşündə "Qəbələ"yə məğlub oldular. U-14-də isə 1/4 finalda "Qarabağ"la üz-üzə gələcəklər.
Bu qədər büdcəsi olan klub üçün qeyd olunan nəticələr təbii ki, qənəatbəxş deyil. Hələ uğur əldə etmək üçün saxtakarlığa da əl atılır.
Redaksiyamıza "Neftçi" ilə bağlı ciddi məlumat daxil olub. U-14 komandası "lipa" futbolçu oynadıb. Söhbət Sultan Orucovdan gedir. Adı çəkilən oyunçunun 14 yox, 16 yaşı olduğu iddia edilir. Sən demə, gənc futbolçu U-14 Liqasının 1/8 finalında "Turan Tovuz"la ilk matçda meydana çıxıb, hətta qol vurub.

