
“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın vətəninə dönüş ehtimalı gündəmdədir.
Sport1.az Braziliya mətbuatına istinadən xəbər verir ki, sağ cinahda çıxış edən futbolçu ölkəsinin daha bir klubu tərəfindən yaxından izlənilir.
Məlumata görə, “Vitoria”dan sonra bu dəfə “Flamenqo” 28 yaşlı oyunçunu transfer siyahısına daxil edib. Lakin hazırda əsas çətinlik Silvanın Azərbaycan çempionu ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsidir. Bu səbəbdən braziliyalı müdafiəçini heyətinə qatmaq istəyən tərəf qarşı tərəfin tələb etdiyi məbləği ödəməli olacaq.
“Vitoria”nın məhz maliyyə şərtlərinə görə ehtiyatlı davrandığı bildirilir. Buna baxmayaraq, ilin əvvəlində Juninyo Olavionu heyətinə qatan “Flamenqo”nun bu məsələdə ciddi maliyyə problemi yaşamadığı vurğulanır. Bununla belə, Mateus Silva Rio de Janeiro təmsilçisinin sağ cinah üçün düşündüyü namizədlərdən yalnız biridir.
Qeyd edək ki, 2023-cü ildən Ağdam klubunun formasını geyinən müdafiəçi indiyədək 107 rəsmi matçda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.