
“Marca” nəşrinin keçirdiyi sorğunun nəticələri Madrid “Real”ında Vinisius Juniorla bağlı vəziyyətin ciddi şəkildə gərginləşdiyini ortaya qoyub.
Sport1.az xəbər verir ki, sorğuda iştirak edən azarkeşlərin 86 faizi braziliyalı hücumçunun satılmasını ən doğru qərar hesab edir. Fanatların fikrincə, Vinisiusun klubdakı mövqeyi artıq geri dönüşü mümkün olmayan səviyyədə zədələnib.
Qeyd olunur ki, qalmaqal La Liqanın XVII turunda “Real”ın “Sevilya”ya 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra yaşanıb. Matçın son dəqiqələrində əvəzlənən Vinisius tribunaların fitə basması ilə üzləşib. Bundan dərhal sonra futbolçunun sosial şəbəkələrdə profil şəklini Braziliya millisinin forması ilə əvəzləməsi vəziyyəti daha da gərginləşdirib.
Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.