
19-21 iyun aralığında Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycanı 12 çəki dərəcəsində 17 idmançı təmsil edəcək.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat yayıb.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nizami İmranov, Ruslan Paşayev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (+100 kq), qadınlardan Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Üç gün davam edəcək turnirdə 59 ölkədən 455 cüdoçu (254 kişi, 201 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.