
Vinisius Juniorla “Real Madrid” arasında yeni müqavilə danışıqlarının dayanmasının səbəbinin maliyyə şərtlərindən əlavə Xabi Alonso ilə münasibətlərdə yaranmış gərginlik olduğu bildirilir.
Sport1.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, Madrid klubu bu ilin əvvəlində braziliyalı vingerə ildə təxminən 20 milyon avro maaş təklif edib. Futbolçu tərəfi isə buna cavab olaraq tarixi müqavilə tələb edib — bonuslarla birlikdə illik ödənişin 30 milyon avroya çata biləcəyi bir paket. Bu, vaxtilə Kriştianu Ronaldoya təqdim olunan şərtlərə bənzəyir.
Məlumata görə, tərəflər mövsüm başlayana qədər danışıqları davam etdirsələr də, proses hazırda tam dalana dirənib. “Real” rəhbərliyi maliyyə məsələləri ilə yanaşı, Vinisiusla baş məşqçi Xabi Alonso arasında münasibətlərin gərgin olmasının da danışıqlara ciddi maneə yaratdığını düşünür.
İddiaya görə, tərəflər arasındakı konflikt La Liqanın “Barselona” ilə oyununda braziliyalı futbolçunun ikinci hissədə əvəzlənməsi zamanı daha da qızışıb. Həmin epizodda Vinisiusun Alonsoya qarşı sərt reaksiyası klub daxilində narahatlıq yaradıb.
Futbolçunun bu şəraitdə uzunmüddətli müqavilə bağlamaqda israrlı olmaması “Real” üçün gözlənilməz olmasa da, ciddi narahatlıq doğurub.