
Norveç millisinin və “Benfika”nın hücumçusu Andreas Şelderup qalmaqalla gündəmə gəlib.
Sport1.az xəbər verir ki, “A Bola” nəşrinin məlumatına görə, futbolçuya qarşı Danimarka hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayan şəxsin yer aldığı pornoqrafik materialın paylaşılması ilə bağlı ittiham irəli sürülüb.
Məlumata əsasən, hadisə iki il əvvəl – Şelderup Danimarkanın “Norşelann” klubunda çıxış etdiyi dövrdə baş verib. 21 yaşlı futbolçu günahını etiraf edib və bildirib ki, həmin videonu dostuna göndərib. Qanunvericiliyə əsasən, onu altı ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu mövsüm norveçli forvard Portuqaliya çempionatında 9 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Eyni göstəricini o, Çempionlar Liqasının 6 oyununda da təkrarlayıb. 14 oktyabrda isə Norveç yığmasının heyətində Yeni Zelandiya ilə yoldaşlıq görüşündə (1:1) qol ötürməsi ilə fərqlənib.