"Zirə" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Həmin qarşılaşmadan sonra qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Qarşılaşma ilə bağlı təəssüratlarınız necədir?
- Bilirdik ki, "Şamaxı" son oyunlarda çox inamlı çıxış edir. Rəqiblərlə aramızda xal fərqi də azdır. Həm bizim, həm də onlar üçün önəmli qarşılaşma idi. Heyətimizdə zədəli futbolçuların sayı çoxdur. Əlimizdən gəldiyi qədər meydanda onların yoxluğunu hiss etdirməməyə çalışdıq. Lakin nə qədər önəmli oyunçular olduqlarını bilirik. Hər halda, bu gün aktivimizə 1 xal əlavə etdik.
- Doğma azarkeşlər önündə qələbə qazanmaq üçün nə çatmadı?
- Oyuna yaxşı başladıq. Demək olar ki, iki-üç 100 faizlik qol imkanımız oldu. Sadəcə istifadə edə bilmədik. "Şamaxı"nın qapımız qarşısında ciddi və dəhşətli təzyiqi olmadı. Cüzi bir səhvdən qapımızda qol gördük. Yaratdığımız epizodlardan maksimum yararlana bilsəydik, qələbə qazanardıq.
- Hakimlərin oyunu dəfələrlə dayandırması ümumi tempə necə təsir göstərdi?
- VAR-a baxılan epizodların hər birində matçın bir-iki dəqiqə dayanması istər-istəməz tempin aşağı düşməsinə səbəb oldu. Narazılığımız sırf bununla bağlı idi.
- Belə oyunlarda xal itkisi mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq baxımından problem yaratmayacaq?
- Biz də belə düşünürük. İstər "Sabah" olsun, istərsə də yuxarı pillələrdə yer alan digər komandalar - qazandığımız hər bir xal bizim üçün dəyərlidir. Bəlkə də, çox insan "Şamaxı"nın çempionata belə uğurlu start verəcəyini gözləmirdi. Azər müəllimin gəlişindən sonra oyun sistemlərində də dəyişikliklər olub. Əvvəllər beşli müdafiə ilə oynayırdılarsa, indi dördlü sistemə keçiblər. Ümid edirəm ki, itirdiyimiz xallar mövsümün sonunda bizim üçün problem yaratmaz və bu 1 xalın da xeyrini görərik.