SON DƏQİQƏ
Dünən Premyer Liqada mövsümün matçı keçirildi.
“Neftçi” – “Sabah” görüşündə qol vurulmasa da, əsl derbi izlədik. Azarkeşlər möhtəşəm idi. Hər iki komanda keyfiyyətli oyun nümayiş etdirdi. Futbolçuların qələbə əzmi meydandakı gərginliyi pik həddə çatdırırdı. Amma Rauf Cabarovun qərarı belə möhtəşəm oyunu məhv etdi...
Həmkarlarımın hamısı bu barədə yazıb. Səbuhi Abdullazadənin etdiyi hərəkətlə Velko Simiçin davranışı eyni dərəcədədir. Azərbaycanlıya qırmızı vərəqə göstərilibsə, serbiyalı da meydandan qovulmalı idi. Hətta Səbuhi İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmışdı. Simiç qırmızı almadığı üçün onun barəsində belə qərar verilməyəcək...
Tur başa çatacaq, Rəhim Həsənov açıqlayacaq ki, Rauf Cabarov səhv edib. Ardınca ona 3-4 turluq cəza veriləcək. Vəssalam! Guya ədaləti təmin etmiş olacaqlar. Amma ümumi problem həmişə eyni qalacaq...
Rəhim Həsənov bir sualın cavabını tapmalıdır. Onun hakimləri cəsarətsizdirlər, yoxsa uğur qazanan klublara yarınmağa çalışırlar? Məncə, hər ikisi! Eyni epizodda Səbuhi qırmızı vərəqə alır, Simiç isə cəzasız qalırsa, bunun başqa adı yoxdur!
Vallah, burada “Sabah”ın günahı yoxdur! Rauf Cabarov cəsarətli olub, “bayquşlar”a yarınmaq istəməsəydi, serbiyalı futbolçuya da qırmızı vərəqə göstərə bilərdi. Belə olan halda, matçın nəticəsi başqa cür də ola bilərdi. Məsələn, dünən “Qalatasaray” “Kasımpaşa”nı qəbul edirdi. “Sarı-qırmızılar”ın heyətində Torreira ikinci hissədə meydandan qovuldu. Düzdür, hakim əvvəlcə sarı vərəqə göstərmişdi. Amma VAR-ın müdaxiləsindən sonra qərar dəyişdi. Sonra nə baş verdi? “Kasımpaşa” hesabı bərabərləşdirsə də, “Qalatasaray” daha 2 qol vuraraq qələbə qazandı.
Görürsən, ay Rauf Cabarov, futbolçunun meydandan qovulması komandasının mütləq uduzacağı demək deyil! Bir az cəsarətli olsaydın, indi belə söz-söhbətlər olmazdı. Ya da “Sabah”a yarınmağa çalışmasaydın!
Rəhim Həsənov, hər şey gözünün qabağında baş verdi. Oyunda hakim-inspektor idin! Sonra bəhanə gətirmə ki, “CBC Sport” dəqiq görüntü göstərmədi. Hər şey açıq-aydın idi. Qaranlıq qalan isə FİFA referisi Kamal Umudlunun nə üçün Rauf Cabarovu VAR-a çağırmaması oldu.
Görürsünüz! İndi deyəcəyəm ki, Rəhim Həsənovun FİFA referisi də cəsarətsizdir, ya uğurlu olana yarınmağa çalışır! Deyəcəksiniz ki, qazi ilə nə işin var?