Monteneqroda boks üzrə U-17 Avropa Çempionatının yarımfinal görüşləri keçirilib.
Sport1.az xəbər verir ki, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb.
Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb - 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27).
O, çempionluq üçün Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.
Səma Abbasova (66 kq) İustina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib.
Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.
Həsrət Məmmədov (46 kq) bu dəfə Ronan Çarlzdan (İrlandiya) güclü olub - 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29).
Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.
İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü də aktivinə yazıb - 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28).
Təmsilçimizin həlledici döyüşdə rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.
Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) heç bir şans verməyib - 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26).
O, qızıl medal görüşündə Con Elamla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Daha 3 boksçumuz - Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.