"Sabah" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə heç-heçə edib - 0:0.
Həmin qarşılaşmadan sonra "bayquşlar"ın müdafiəçisi Akim Zedadkanın
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyunla bağlı təəssüratlarınız maraqlıdır...
- Görüş çətin keçdi. Bu gün iki yaxşı komandanın iştirakı ilə çox maraqlı qarşılaşma baş tutdu. Meydanda yüksək dinamika, çoxlu mübarizə və fasiləsiz hücumlar var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Həqiqətən yaxşı oyun alındı. Əlbəttə, biz qalib gəlmək istəyirdik. Lakin düşünürəm ki, qazana bilmirsənsə, ən azından uduzmamalısan. 1 xal qazandıq və məncə, bu, normaldır.
- Bu nəticə sizi qane etdi, yoxsa yetərli saymırsınız?
- Daha çox qol vurmaq istərdik. Çünki xeyli qol vəziyyətlərimiz oldu. Rəqibin də şansları var idi. Düşünürəm ki, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir.
- Növbəti oyununuz "Slaviya"ya (Praqa) qarşıdır. Həmin matçla bağlı nə deyə bilərsiniz?
- Çempionlar Liqası tamamilə fərqli bir turnirdir. Elə rəqib də tamamilə başqa komandadır. Bu gün diqqətimizi Premyer Liqaya yönəltməliydik. Çünki çempionatda da qələbə qazanmaq istəyirik. Çempionlar Liqası isə tam başqa səviyyə olacaq. Həmin oyuna da qalib gəlmək üçün hazırlaşacağıq. Ümid edirəm ki, azarkeşlərimiz bizi stadionda dəstəkləyəcəklər.