21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsində Çexiya U-21 ilə heç-heçə edib - 1:1.
Həmin matçdan sonra millimizin müdafiəçisi Eşqin Əhmədovun
Sport1.az saytına müsahibəsini təqdim edirik:
- Oyunla bağlı təəssüratlarınız necədir?
- Çətin olacağını bilirdik. İlk oyunda böyükhesablı məğlubiyyət qeydə alınmışdı. Bu gün matça yaxşı hazırlaşmışdıq. Doğma azarkeşlərimizin önündə oynayırdıq. Meydana qələbə üçün çıxmışdıq. Yenə də 1 xal qazandıq. Bu, bizim üçün çox yaxşı nəticədir."
- Yığmanın bərabərlik qolunun müəllifi oldunuz. Öz performansınızdan və komandanın ümumi çıxışından nə dərəcədə razısınız?
- Komanda şəklində çox yaxşı oynadıq, döyüşdük. Hamıda qələbə qazanmaq istəyi var idi. Qalib gəlməyə çalışırdıq. Məncə, oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi.
- Çexiya U-21 seçməsi ilə ilk oyundan (5:0) bu vaxta qədər nə dəyişdi ki, komanda 1 xal qazandı?
- Həmin vaxt məşqçimiz yeni gəlmişdi. Məşqçinin dediklərini meydanda tətbiq etməyə çalışırıq və nəticə özünü göstərir.
- Milli komanda düşərgəsi ilə klub futbolundakı mühitin bir-birindən əsas fərqləri nədir? Burada adaptasiya sizin üçün bir qədər çətin olur?
- Xeyr. Bura milli komandadır və hər bir futbolçunun arzusu yığmada çıxış etməkdir. Bütün oyunçular əlindən gələnin ən yaxşısını etməyə çalışırlar.
- Hücumların qurulmasında aktiv iştirak edirdiniz. Nəticə isə məntiqi sonluqla bitmirdi. Problem nə idi?
- Bəzən belə hallar olur. Fürsətlərimizi dəyərləndirməyə çalışırdıq. Belə çətin oyunlarda həmişə çox az qol epizodu yaranır və biz də ələ düşən şanslardan maksimum istifadə etməyə səy göstəririk.
- Bilirsiniz ki, U-20 yığmamız Dünya Çempionatına yollanacaq. Həmin komandada oynamaq istərdiniz, yoxsa U-21-də qalmağı üstün tutursunuz?
- Əslində yaşım ora çatmır, amma hər futbolçunun məqsədi əsas millidə oynamaqdır. İnşallah, vaxtı gələndə orada çıxış edərik.